Huquqaz.com

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi

16.11.2022
2.400
Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi

2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir. Xatırladaq ki, ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri təkcə Özbəkistanla yekunlaşmır. Qırğız Respublikasının Prezidenti 2022-ci ilin aprel ayında Azərbaycana səfər edib. Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”nin imzalanması iki ölkə arasındakı münasibətləri strateji səviyyəyə yüksəldib.

Zeynallı Mirkamal

Şərhlər

Şərh yazılmayıb.