Huquqaz.com

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı

13.11.2022
1.671
Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı.

Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 8-də erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurmuşdu. 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb.  Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir.

Tarix göstərdi ki, bu müddət ərzində Azərbaycan Prezidentinin yeritdiyi müstəqil siyasət ölkəmizi həm regionda, həm də dünyada söz sahibinə çevirib. Ölkəmizin mövqeyinin möhkəmlənməsi münaqişə ərtafında yaranan vəziyyətin məhz bizim xeyrimizə dəyişməsinə rəvac verdi. Hərbi imkanlarını genişləndirməklə yanaşı, Azərbaycan həm də diplomatik cəbhədə diktə edən tərəfə çevrildi.  Döyüş meydanında Azərbaycan düşmənlə təkbaşına mübarizə apardı və ərazi bütövlüyümüz qarış-qarış azad olundu. Üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində – Şuşada dalğalanması hər birimizi qürurlandırır.

Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan cənab İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb. Əminik ki, ölkəmizin dayanıqlı inkişaf tempi, region və dünyada strateji, iqtisadi əhəmiyyəti, beynəlxalq nüfuzu sayəsində işğaldan azad edilmiş torpaqlarımızda ən qısa zamanda bütün sahələrdə, uğurla icra olunacaq inkişaf strategiyası və nailiyyətlər əldə olunacaq. Cənab Ali Baş Komandanın xalqımıza olan hər bir müraciəti bizi uğurlu və İlhamlı sabahlara ümidləndirir, yetişməkdə olan sağlam nəsillərin bu şərəfli tariximizi daima qoruyub saxlayacağı inamını artırır.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Günay Şirinova.

Şərhlər

Şərh yazılmayıb.