Huquqaz.com

Tarixi təşəbbüs

06.11.2022
1.492
Tarixi təşəbbüs

Məlum olduğu kimi, Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. 1920-ci il aprelin 28-də Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina olunub. Həmin bayrağın yenidən ölkəmizin müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətlərindən biridir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. Azərbaycan Respublikasının Ali Soveti həmin vəsatət əsasında 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edib, bununla da üçrəngli bayrağımız ölkə səviyyəsində xalqımızın istiqlal rəmzi kimi rəsmən təsdiqlənib. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Qüdrətli və güclü dövlətə çevrilən Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsidir. Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın görüb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müqəddəs bir vəzifəni – Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazıb, Azərbaycanın sarsılmaz, məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut edib, Ermənistanı diz çökdürüb, onu kapitulyasiya aktına imza atmağa məcbur edib. Qələbə, Zəfər işığına bürünən Azərbaycan öz əziz bayramını – Dövlət Bayrağı Gününü yüksək nailiyyətlərlə qeyd edir. Bu bayram gününün yaratdığı xoş ovqata bürünərək iftixar hissi keçiririk ki, dövlət bayrağımız dünya azərbaycanlılarını bir amal uğrunda birləşdirib sarsılmaz qüvvəyə çevirib.

 

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.