Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri
Azərbaycan dövləti hər zaman islam ölkələri ilə əlaqələrin genişlənməsinə, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi diqqət ayırıb. Təsadüfi deyil ki, ölkəmiz özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra MDB məkanından ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilmiş Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət alması da Azərbaycanın bu istiqamətdə fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Mötəbər Sammitdə çıxış edən dövlətimizin başçısı da qeyd etdi ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu fakt dostluq və qardaşlıq əlamətidir və ölkələrimiz arasında mövcud olan möhkəm birliyi nümayiş etdirir.
Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır və bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün dünya bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlindən gələni etməlidir. Həmçinin dövlətimizin başçısı Azərbaycanın da Əlcəzair kimi, uzun illər işğaldan əziyyət çəkdiyini vurğulayaraq bildirmişdir ki, torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal və nüfuzlu üzvlərindən biridir. Məlum olduğu kimi, 2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra mühüm beynəlxalq tədbirlər həyata keçirilmişdir. O cümlədən 2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir.
Bu gün Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakterə malikdir. 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvü olan Azərbaycan bu əməkdaşlığı daha da genişləndirmək əzmindədir. Təşkilatın Zirvə toplantısındakı çıxışında Prezident cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaş ölkələrdən yenə həmrəylik görür, beynəlxalq təsisatlarda dəstək görür və buna görə çox minnətdardır. Ərəb Dövlətləri Liqasına qardaş ölkə olan Azərbaycan bu həmrəyliyi və birliyi daha da möhkəmləndirmək üçün bundan sonra da əlindən gələni edəcək.
Zərdab rayon Körpükənd kənd tam orta məktəbin müəllimi- Musayeva Gülnar
Şərh yazılmayıb.