Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı”adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi
2021-ci il 26 oktyabr tarixində Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda aparılan sürətli bərpa və quruculuq işləri günü-gündən daha da geniş vüsət alır. Füzuli aeroportu da bu işlərin gözəl bir nümunəsidir.
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb.
Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.
Füzulidə Hava Limanının açılması həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycanda hava nəqliyyatının şaxələndirilməsi baxımından xüsusilə vacibdir. Həm yük, həm də sərnişin təyyarələrini qəbul edəcək hava limanı bu sahələrin əsas iqtisadiyyata inteqrasiyasını sürətləndirəcək, ölkə iqtisadiyyatına əlavə dəyər, güc verəcək. Hava limanı gələcəkdə Azərbaycanın xarici ticarət dövriyyəsini, o cümlədən ixracını da xeyli artıracaq. Füzuli hava limanının 8 ayda inşa edilməsi həm də Azərbaycanın iqtisadi gücünün göstəricisidir.Heç bir xarici mənbədən yardım almadan müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə böyük maliyyə tutumlu layihələr icra etməyimiz Prezident cənab İlham Əliyevin iqtisadi siyasətinin uğurudur. Bu, həm də Azərbaycanın gələcəyə baxışının və niyyətinin ifadəsidir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova
Şərh yazılmayıb.