Huquqaz.com

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları inkişaf edir

22.09.2022
1.621
Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları inkişaf edir

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları inkişaf edir.

Sentyabrın 16-da Özbəkistanın qədim şəhəri Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Çin Hindistan, Rusiya, Pakistan, Qazaxıstan, Özbəkistan və digər böyük iqtisadi-sənaye və investisiya potensiallarına malık ölkələrin rəhbərlərinin dəvət edildiyi bu sammitdə Azərbaycan Respublikasının Prezidentİlham Əliyev də iştirak edərək çıxış etdib.

Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd zirvəsində Azərbaycan Prezidentinin iştirakı və həm də bu iştirakın Paşinyanın nümayişkaranə şəkildə sammitdən imtinası fonunda gerçəkləşməsi özlüyündə əhəmiyyətli tarixi hadisədir. Bu mötəbər toplantıda çıxış edən ölkə rəhbəri bütün təşkilatın, eləcə də ayrı-ayrı üzv dövlətlərin maraqları ilə uzlaşan mesajlar verdi, konkret maraqlı istiqamətlər göstərdi.

Prezident İlham Əliyevin bu toplantıdakı çıxışında Azərbaycanın imkanlarını təqdim edib. Azərbaycan növbəti dəfə öz imkanlarını ən praqmatik şəkildə elan edib. Bildirilib ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Bu gün Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.

Qeyd edilib ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaqdır.

Prezident İlham Əliyev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təxribat barədə məlumat verdi. Bildirildi ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Eyni zamanda qeyd edilib ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il – 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.

Azərbaycan ŞƏT-in üzvü olmasa da, təşkilata üzv ölkələrdən heç də kiçik olmayan təqdimatlar edir. İndi Azərbaycanın sayəsində elə əməkdaşlıq perspektivləri açılır ki, bunların naminə Mərkəzi Asiya ölkələri Şanxay Əməkdaşlıq Təşkilatının və KTMT üzrə müttəfiqlərinin maraqlarını balans etməkdən çəkinməməlidirlər. Bütün bunlar həm də o deməkdir ki, Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı böyük reallıqlardan biri olan Zəngəzur dəhlizi Şanxay Əməkdaşlıq Təşkilatı sistemində səmərəli əməkdaşlıq istiqamətlərini şaxələndirən çox güclü elementə çevrilir.

Zəngəzur dəhlizi Azərbaycanın qovşaq rolu oynadığı Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətli elementi kimi nəzərdən keçirilir. Bu mənada Prezident İlham Əliyevin ŞƏT-in Səmərqənd zirvəsində və ikitərəfli görüşlərdə Zəngəzur dəhlizi və 10 noyabr sənədinin tam icrasının vacibliyi məsələsini gündəmə gətirməsi təkcə Azərbaycanın maraqlarında olan məsələ deyil. Bu dəhlizin yaradılması Azərbaycan qədər ŞƏT dövlətlərinin də marağındadır. Lakin hər marağın həyata keçirilməsi üçün münbit siyasi, regional və beynəlxalq şərtlərin olması vacibdir. Yeni və daha səmərəli əməkdaşlıqların axtarışında olan ŞƏT ölkələri Zəngəzur dəhlizinin işləməsində öz faydalarının konkret çərçivəsini cızmalıdır. Bu faydalar isə o halda real olacaq ki, 10 noyabr 2020-ci il və ondan sonrakı razılaşmaların icrası naminə Ermənistana təzyiqlər göstərilsin. Burada Rusiya ilə bərabər ŞƏT-in ən iri güclərindən olan Çin və digər maraqlı dövlətlərdən gözləntilər var.

 

Vəliyeva Südabə Eminağa qızı

Saatlı rayon Dövlət Rəsm Qalereyasının direktoru

Şərhlər

Şərh yazılmayıb.