Huquqaz.com

Beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması

21.09.2022
2.888
Beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması

Beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması.

Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin və son 19 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyevin davam etdirməsinin Azərbaycana qazandırdığı uğurlar biri-birini əvəzləməkdədir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz həm keçilən yolun aydın mənzərəsini yaradır, həm də perspektivləri açıqlayır. Əsas hədəf bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması ilə davamlı iqtisadi inkişafa geniş imkanların yaradılmasıdır.

Azərbaycan dövlətinin qətiyyəti, Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Dövlət başçısı cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında işğal dövrünün reallıqlarından bəhs edərək vurğuladı ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Prezidentimiz cənab  İlham Əliyev bir daha bəyan etdi ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur.

Qeyd etdiyimiz kimi, artıq Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan yeni səhifə açıb Ermənistanla münasibətləri normallaşdırmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etdi və bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə səy göstərir. Bununla yanaşı, Ermənistandan da eyni addımları tələb edir. Lakin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də tərəddüdlər içərisində vurnuxur. Məhz bu tərəddüdləri onun sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir.

Azərbaycan ən yüksək tribunalardan ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarından qürurla bəhs edir. Dövlət başçısı cənab  İlham Əliyev Səmərqənd Sammitində 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinə diqqəti yönəldərək bu müddətin quruma üzv dövlətlərin yekdil qərarı əsasında bir il uzadılmasını ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi qeyd etdi.

Bu fikri böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, Prezidentimiz cənab  İlham Əliyevin dərin analitik təfəkkürə, düşünülmüş siyasi baxışlara malik olması nəticəsində bütün beynəlxalq platformalarda dövlətimizin maraqları yüksək səviyyədə təmin edilir. Özbəkistan Prezidentinin cənab İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu regional təsisatın Sammitində fəxri qonaq qismində görmək istəyi və dəvəti ümumilikdə quruma üzv ölkələrin Azərbaycana, Prezidentimizə böyük hörmətinin göstəricisidir. Azərbaycan dünya birliyində sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Hər bir məsələnin beynəlxalq hüquq çərçivəsində həllində maraqlı olan Azərbaycan daim dünyaya birlik, həmrəylik, əməkdaşlıq, sülh çağırışlarını edir.

 

Zərdab rayon İsaqbağı kənd tam orta məktəbin direktoru- Dayangül Vəliyeva

Şərhlər

Şərh yazılmayıb.