Azərbaycan Ermənistana sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib
Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib.
Müstəqillik yollarında ilk addımlarını atan dövlətlərin özünü dünyaya tanıtmasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması vacib amillərdəndir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir.
Cənab Prezident İlham Əliyevin budəfəki səfəri zamanı Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitində ilk dəfə olaraq qonaq statusunda qatılması bir daha iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafına aydınlıq gətirməklə yanaşı, dövlət başçılarının şəxsi münasibətlərinə, qarşılıqlı etimadlarına işıq saldı. Etimad mühitinin mövcudluğu gələcəyə doğru daha böyük hədəflərlə addımlamağa əsas verir.
Hazırda tarixi Zəfərimizin reallıqları fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar, göstərdiyi səylər göz önündədir. Dayanıqlı sülhün təmin olunması yeni əməkdaşlıq formatlarının yaradılması üçün əsas şərtlərdən biridir. Ümumilikdə Azərbaycan hər zaman bütün məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinə səy göstərir. Ədalətin və beynəlxalq hüququn qorunduğu mühitdə hər bir münaqişəli məsələnin ədalətli həlli mümkündür. Azərbaycan daim beynəlxalq tribunalardan bu çağırışı edir. Düşünürük ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammiti bir daha yeni dövrün yeni reallıqlarının təbliğində və qəbulunda öz sözünü deyəcək. Azərbaycanın ilk dəfə olaraq qurumun Sammitinə qonaq qismində qatılması, dövlət başçısı İlham Əliyevin buradakı çıxışı bu baxımdan da diqqətçəkəndir. Prezident İlham Əliyev Sammitdəki çıxışında bir daha bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Bu mühüm məqam da Sammit iştirakçılarının diqqətinə çatdırıldı ki, 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Hərəkata sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Könül Rəhimova
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
Şərh yazılmayıb.