Yeni müqavilə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına xidmət edəcək
Yeni müqavilə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına xidmət edəcək
Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsindən sonra 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin, 2022-ci il fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması regionda yaranmış yeni geosiyasi reallıqları beynəlxalq səviyyədə təsbit etdi. Təqdirəlayiq haldır ki, Azərbaycan, eyni zamanda, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal və aparıcı üzv kimi uğurlu xarici siyasət yürüdür.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı önəmli sənədin imzalanacağını, Avropa İttifaqı ilə əməkdaşlığın daha yüksək səviyyəyə qalxacağını qeyd etdi. Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Qurumla yeni əməkdaşlıq müqaviləsinin hazırlanması üzərində iş gedir, artıq bir sıra məsələlər razılaşdırılıb. Yeni müqavilənin imzalanması Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına xidmət edəcək.
Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqının rəhbərliyi, xüsusən də Avropa İttifaqının Prezidenti arasında görüşlər və telefon danışıqları baş tutub. Həmin görüş və danışıqların əsas mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Bu fakt özü də onu göstərir ki, Vətən müharibəsində Zəfərimizin nəticələri Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurum və ona üzv olan aparıcı dövlətlər tərəfindən də tanınır.
Qeyd edilməlidir ki, dünyanın supergüc dövlətlərindən biri olan ABŞ-la münasibətlər də uğurla inkişaf edir. Əsas güc mərkəzləri, böyük dövlətlər və beynəlxalq təşkilatlar ilə qurduğumuz uğurlu əməkdaşlıq, eləcə də qonşu ölkələrlə əlaqələrimizin inkişafı hazırda dünyanın bir çox yerlərində münaqişə, gərginlik və böhranların hökm sürdüyü bir dövrdə Azərbaycan üçün çox vacib müsbət beynəlxalq imic yaradır. Beynəlxalq səviyyədə mövqelərimizin güclənməsi, ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərimizin inkişafı Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması baxımından da əlverişli və arzuolunandır.
“Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması istiqamətində bəzi müsbət addımlar atılmaqdadır. İki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası üzrə işçi qrupun ilk iclası keçirilib. Gələn ay işçi qrupun ikinci görüşünün keçirilməsi nəzərdə tutulur. Sülh müqaviləsinin hazırlanması üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk dəfə ikitərəfli formatda görüş keçiriblər. Bu görüş iyulun 16-da Tbilisidə baş tutub. Qeyd olunan müsbət addımlara baxmayaraq, hələlik real nəticələr əldə edilməyib. Belə ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməkdən boyun qaçırır. Belə ki, Ermənistan öz silahlı qüvvələrini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarmaq və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək Zəngəzur dəhlizinin qurulması ilə bağlı üçtərəfli Bəyanatda təsbit edilmiş öhdəlikləri yerinə yetirmək istəmir. Son vaxtlar Ermənistan status məsələsini yenidən gündəmə gətirmək, ATƏT-in Minsk qrupunu dirçəltmək üçün uğursuz cəhdlər edir. Azərbaycan isə belə mənfi təzahürləri nəzərə alaraq, bir tərəfdən diplomatik cəbhədə səmərəli və intensiv fəaliyyət aparır, digər tərəfdən isə ordu quruculuğu və hərbi sahədə islahatlar həyat keçirir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Şərh yazılmayıb.