Huquqaz.com

“Özəlləşdirmə çeki olan vətəndaş məhkəməyə müraciət edə bilər” – Şərh

01.07.2022
1.622
“Özəlləşdirmə çeki olan vətəndaş məhkəməyə müraciət edə bilər” – Şərh

Özəlləşdirmə çekləri ilə bağlı mövzu hələ də aktuallığını davam etdirir. Özəlləşdirmə çekləri ilə bağlı fərmanın qüvvəyə minməsindən 26 ildən artıq zaman ötür. “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamədə qeyd olunur ki, özəlləşdirmə çekləri dövlət mülkiyyətində olan əmlakın Azərbaycan Respublikası vətəndaşlarına əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır. Qanunda özəlləşdirmə paylarının ölkə vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilməsi təsbit olunub. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, özəlləşdirmə çekləri inflyasıyadan qorunan əmlak ekvivalenti kimi 1997-ci ildən bu günə qədər olan inflyasiyanı əsas götürsək, ən qiymətli kağızdır. Lakin buna baxmayaraq, 2011-ci ildən özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatıb. Bununla da yüzminlərlə vətəndaşın əllərində qalan qiymətli kağızlar dəyərini itirib. Hansı ki, qanunda özəlləşdirmə payları ilə bağlı müddət nəzərdə tutulmayıb. Məhz buna görə də ictimai nüfuzlu şəxslər hesab edirlər ki, istifadəsi dayandırılan özəlləşdirmə çeklərinin yenidən bərpası və ya vətəndaşlara kompensasiya ödənilməsi vacibdir.

Mövzu ilə bağlı sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov İnterpress.az-a açıqlamasında bildirib ki, vaxtilə əlində çeki olan vətəndaşlara problem yaratmış məmurlar bu gün onun həlli yollarını axtarıb tapmağa məhkumdurlar:

“Özəlləşdirmə çekləri dövlətin vətəndaş qarşısında götürdüyü öhdəlikdir. Üzərindən nə qədər vaxt keçməsinə baxmayaraq, bu öhdəliyi heç kim ləğv etməyib. Bu səbəbdən də dəfələrlə yazdığımız və dediyimiz kimi, dövlət gec-tez vətəndaşı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Mövcud vəziyyəti yaratmış məmurlar anlamalıdırlar ki, problemin həllinin uzanması vətəndaşı dövlətindən narazı salır. Ölkədə minlərlə insan uzun illərdir əllərində saxladıqları əmlak çeklərinin taleyinin həll ediləcəyi günü gözləyir. Beləliklə, bu problemi vaxtilə yaratmış məmurlar onun həlli yollarını da axtarıb tapmağa məhkumdurlar. Vətəndaşı hakimiyyətdən narazı salan məmur qəhrəmanlar anlamalıdırlar ki, əlində belə çekləri saxlayan bir vətəndaş hökuməti beynəlxalq məhkəməyə verərsə, o halda beynəlxalq məhkəmə mütləq vətəndaşın xeyrinə qərar çıxarıb, bu qərarın icrasını hökumətdən tələb edəcək. Belə bir hal baş verərsə, bu, heç də yaxşı bir nümunə olmayacaq. Yəni o halda bu problemi yaşayan çoxsaylı vətəndaşlar da eyni yolu seçəcəklər. Bu isə hökumətə lazım deyil!”.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü Könül İsmayılova isə vurğulayıb ki, zəlləşdirmə çeklərindən istifadə edə bilməyən vətəndaşlar məhkəməyə müraciət edə bilərlər:

“Azərbaycanda rəsmi olaraq kiçik özəlləşdirməyə 1996-cı ilin mart ayının sonunda, özəlləşdirmə paylarının paylanmasına isə 1997-ci ilin martından başlanıb. Özəlləşdirmə çekləri 2011-ci ilin yanvar ayının əvvəlindən tam aydın olmayan səbəblərdən dövriyyədən çıxarıldı.

Əhalinin əksəriyyəti özəlləşdirmə çeklərindən istifadə edə bildilər. Amma heç də hamı bu şansdan istifadə edə bilmədi. Bəzi çek sahibləri o vaxt özəlləşdirmə çeklərindən daha çox fayda əldə etmək ümidi ilə onlardan istifadə etməyiblər. İndi həmin  vətəndaşlar o vaxt istifadə edə bilmədiyi özəlləşdirmə çeklərinin yenidən qüvvəyə minməsinin tərəfdarıdır. Eyni zamanda bu məsələdə bir neçə ekspertlər, millət vəkilləri də vətəndaşların haqlı olduqlarını vurğulayıblar.

Azərbaycanda xalqın sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif islahatlar həyata keçirilir. Bu sahədə müəyyən addımlar atılır. Buna görə də ola bilər ki, özəlləşdirmə çekləri ilə bağlı gözlənilən addım atılsın. Çünki istənilən halda özəlləşdirmə çekləri olan vətəndaşların hüququ bərpa olunmalıdır. Buna görə də məsələyə yenidən baxılsa, yaxşı olar. Həmin çeklərin tədavül müddətinin yenidən artırılması vətəndaşların hüquqlarının qorunması baxımından da əhəmiyyətlidir. Düşünürəm ki, əgər özəlləşdirmə çekləri yenidən bərpa edilərsə, bunun əhalinin sosial, iqtisadi vəziyyətinə müsbət təsirləri olar. Hər bir halda əllərində çekləri qalan vətəndaşlar həmin çekləri istifadə edərək müəyyən işlərini görə bilərlər. Hesab edirəm ki, özəlləşdirmə çeklərindən effektiv istifadə edilməsi ilə əlaqədar yeni formatlar yaradılmalıdır.

Ümumilikdə özəlləşdirmə çeklərindən istifadə edə bilməyən vətəndaşlar məhkəməyə müraciət edə bilərlər. Amma onlar məhkəmədə çeklərindən vaxtında niyə istifadə etmədiklərini də bildirməlidirlər. Əgər vətəndaşın çeklərdən istifadə etmədiyi səbəbləri ciddi olarsa, onlar hüquqlarının bərpasını tələb edə bilərlər”.

Məlumat üçün bildirək ki, çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb. Həmin dövrdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Ulu öndər Heydər Əliyevin fərmanına əsasən, 1997-ci il yanvar ayının 1-dək anadan olmuş  bütün ölkə vətəndaşlarına artıq miras-əmlak payı olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Vətəndaşlara verilən özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir. Fərmana əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 32-də bir milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub.

Şərhlər

Şərh yazılmayıb.