Huquqaz.com

2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq

30.06.2022
1.603
2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq

2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq

Ötən ilin avqust ayında cənab Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu, Laçına həqiqətən də yeni həyat bəxş edəcək hava limanı barədə dedi: “Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura – Laçın rayonunun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq”.

İyunun 26-da Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub. Dövlətimizin başçısına hava limanında görülən işlər barədə məlumat verilərək bildirilib ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Aeroportun hava hərəkətini idarəetmə qülləsinin, transformator binalarının, nəzarət-buraxılış məntəqəsinin və digər yardımçı tikililərinin layihələndirilmə işləri də başa çatdırılıb.Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Cənab Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış edərkən Laçın hava limanından da söhbət açıb və deyib: Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə biz dağları yarırıq, dağları kəsirik ki, zolaq üçün uyğun şərait yaradılsın. Ona görə bu torpaq işləri hələ gələn il də davam edəcək. Ümid edirəm ki, 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Əminəm ki, bu bölgə turizm zonası olacaq. Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur. Təbii gözəllik – çaylar, bulaqlar, meşələr – biz bütün bu sərvətdən məhrum idik, ermənilər bizim xalqımızı məhrum etmişdilər. Otuz il ərzində bizim təbii sərvətlərimizi istismar edir, ağaclarımızı kəsirdilər, – 60 min hektar ağac fondu, meşə fondu məhv edilib, – çaylarımızı zəhərləyir, binalarımızı sökür, qızıl yataqlarımızı qanunsuz istismar edirdilər. Hər şeyi qanunsuz edirdilər. Bu gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var və biz bu məlumatı daha da genişləndirəcəyik.

Bəli, dövlətimizin başçısının da vurğuladığı kimi, Laçın Beynəlxalq Hava Limanının tikintisi tarixi, çoxları üçün gözlənilməz hadisə, hətta möcüzə oldu. Çünki bu hava limanı bir yenilikdir. Burada heç vaxt hava limanı olmamışdır. Laçını əldən vermək istəməyən ermənilər 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan hava limanına enən və buradan səmaya qalxan təyyarələri gördükcə məğlubiyyətlərinin acısını bir daha yaşamalı olacaqlar.

Hüseyn Həsənov  Zərdab rayon sakini, təqaüdçü

Şərhlər

Şərh yazılmayıb.