Huquqaz.com

“Aysberq”in görünməyən tərəfləri…

20.06.2022
1.554
“Aysberq”in görünməyən tərəfləri…

Müdriklər deyib “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”.
Həzrəti Əli Əleyhissalam da buyurub ki, “İnsan dilinin arxasında gizlənib. Ey adam, danış, deyim sən kimsən’Bu həqiqətən belədir. Bəzən elə insan haqqında qulağımız elə gözəl sözlər eşidir, elə müsbət fikirlər səslənir ki, psixoloji olaraq, bu sözləri eşidənlər, haqqında danışılan şəxsi “mələk donu”nda görürlər. Lakin, həmin şəxslə üz-üzə gəlib, beşcə dəqiqə həmsöhbət olduqda, gözümüzün önündə həmin “mələk” yavaş-yavaş “eybəcər”ləşir. Barəsində qurulan o gözəl cümlələrin, əslində “ödənişli cümlələr” olduğunu və o şəxsə zərrəcə aidiyyatı olmadığını görürük.
Yaxud da əksinə, bəzən bir insan haqqında o qədər qorxunc sözlər deyilir ki, görmədən, tanımadan artıq həmin insana qarşı o sözləri eşidənlərin kini, nifrəti yaranır. Yuxarıda qeyd etdiyimiz şəxslərin əksinə olaraq, haqqında mənfi deyilən insan təsəvvürümüzdə tam bir “şeytan” obrazı kimi canlanır.

 

Belə insanlardan biri də bu günlərdə “DogruXeber.az” kollektivi olaraq, bizim də dəvət aldığımız tədbirlərdən birində həmsöhbət olub, yaxından tanış olduğumuz Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovdur.

Bu şəxs barəsində sosial medialarda kifayət qədər mənfi fikirlər yazılır, səslənir. Hətta, dövlət büdcəsindən pullar mənimsəməsi, özünə böyük biznes qurması, büdcə hesabına villaları, avtomobilləri və müxtəlif biznes məqsədli böyük obyektləri olduğu deyilir. Odur ki, söhbət əsnasında Səfər müəllimdən yazılanlar barəsində də 1-2 söz soruşduq. Çox səmimi cavab verdi ki, “Bəli, varımdır. Mənim böyük biznesim var. Oğlanlarım da biznesmendir. Onların da zavodları və digər biznesləri var. Amma, mən bütün bunları bu işimlə etməmişəm. Hər şey rəsmi sənədlər əsasındadır. Gəlin mənim qurduğum biznesin tarixinə də baxın, bu idarəyə vəzifəyə gəldiyim tarixə də. Mən bu vəzifəyə gəlməzdən əvvəl biznesmen olmuşam. Xarici pasportum möhürlərlə doludur. İşimin xatirinə, sadalananları əldə etmək üçün yollarda qalırdım, aylarla ev üzü görmürdüm. Ailəmi, uşaqlarımı doyunca görə bilmirdim. Övladlarımın necə böyüdüyünü belə görə bilmədim. Min bir əziyyətlə biznes qurdum, sonra vəzifəyə gələn kimi bəzi şəxslər məqsədli olaraq, başladılar mənim əziyyətlə qazandıqlarımın siyahısını tutmağa.”

Doğrudan da Səfər müəllimi dinlədikcə düşüncələrimiz biraz da başqa istiqamətlərə kökləndi. Maraqlıdır, vəzifəyə gəlməzdən əvvəl, özünün də dediyi kimi min bir əziyyətlə qurduğu biznesini bəzi qara niyyətli şəxslər tez görür və sanki, böyük bir fakt aşkarlayıbmış kimi, bundan yararlanmağa çalışırlar. Lakin, nədənsə, hələ ən azından Dövlət Satınalma Portalında hər gün haqqında heç bir məlumat olmadan yer alan 10-larla idarə və təşkilatların imzaladığı tender müqavilələri və həmin müqavilədə qeyd edilən – dövlət büdcəsindən “könül rahatlığı” ilə götürülən -məbləğlərlə nə işlər görüldüyü, hara xərcləndiyi nə aidiyyatı qurumları maraqlandırır, nə də bu cür “gözüaçıq” adamları. Halbuki, dövlət büdcəsini belə “həssaslıqla düşünən” adamlar özləri də bu kimi hallardan xəbərdarlar. Amma susurlar.

Nədən əcəba?…

Çox zaman başqalarının qazancını hesablamaq, bəzi məqsədli insanların bütün diqqətini elə zəbt edir ki, reallığı görmək onlar üçün çətinlikləşir. Amma, atalar yaxşı deyib, “haqq nazilər, üzülməz”.

Bir vaxtlar vəzifə başında olan məmurların şəninə təriflər yağdıranlar, həmin vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildiyi üçün həbs edildikdən sonra da başlayırlar səhər-axşam onun barəsində “eninə-boyuna” mənfi sözlər danışmağa. Yaxud da əksinə, vəzifədə olduğu vaxt sağından-solundan qınaqlar, təhqirlər, tənqidlər yağdırılan şəxs vəzifədən getdikdən sonra, yerinə gələn elə “fəaliyyət” göstərir ki, əvvəlkini qınayan hər kəsin vicdanı oyanıb, başlayır dua etməyə.

İndi Səfər müəllim də hazırda vəzifədədir. Odur ki, onun da haqqında bu cür məlumatların yayılması başadüşüləndir. Ancaq, onu da qeyd edək ki, Səfər müəllim barəsində mənfi danışanların əksəriyyəti heç sözügedən rayonun sakinləri də deyil. Rayon sakinlərinə qaldıqda isə Səfər Məmmədov barəsində böyük hörmətlə danışır, həmçinin işini vicdanla icra etməsindən əlavə, idarədə və idarənin ərazisində yaratdığı səliqə-səhmandan da ağız dolusu danışırlar.

Elin gözü tərəzidir…

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.