Huquqaz.com

15 iyun tarixi xalqımızın nicat yolunun başlanğıcıdır

14.06.2022
2.106
15 iyun tarixi xalqımızın nicat yolunun başlanğıcıdır

15 iyun tarixi xalqımızın nicat yolunun başlanğıcıdır

 XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox böyük təhlükələrlə üzləşmişdir. O zaman siyasi hakimiyyətdə olan şəxslərin səriştəsizliyi dövlətimizi və xalqımızı uçurumlarla üz-üzə qoymuşdu. Bütün sahələrdə müşahidə olunan xaos və anarxiya, siyasi rəhbərliyin məsuliyyətsizliyi və ayrı-ayrı xarici qüvvələrin diqtəsi ilə hərəkət etmələri böyük parçalanmalara və vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Çox keçmədən bu hərc-mərclik tarixi torpaqlarımızın ermənilər tərəfindən işğalına, ərazi bütövlüyümüzün pozulmasına səbəb oldu. Digər sahələrdəki çatışmazlıqlarla yanaşı ordumuzdakı xaos, özbaşınalıq, səriştəsizlik, başıpozuq adamların ambisiyaları, işğalçı Ermənistan silahlı qüvvələri üçün əsl münbit bir şərait yaratdı. Beləliklə, ölkə rəhbərliyi tərəfindən vahid komandanlığın olmaması, siyasi və hərbi avantura, qorxaqlıq, idarəçilikdəki kobud səhvlər Azərbaycanımızı uzun illər əziyyət çəkəcəyi, xalqımızı Vətən həsrəti ilə qovrulacağı bataqlığa sürükləmiş oldu. Vətənpərvər sadə azərbaycanlıların əli yalın, heç bir silah-sursatla təmin edilmədən müharibəyə göndərilməsi və güclü silahlanmış erməni ordusu ilə üz-üzə gətirilməsi minlərlə soydaşımızın şəhid olmasına səbəb oldu. Bunun əvəzində isə torpaqlarımızın itirilməsi prosesi davam edirdi. Hərbidən başı çıxmayan dəllallar hərəsi bir bölük yaradıb, komandan kimi əmrlər verir, torpaqlarımızın qarış-qarış itirilməsinə səbəb olan xəyanətkar addımlar atırdılar. Çünki bu vəziyyətin qarşısını ala biləcək lider yox idi, üstəlik baş verənlərə müxtəlif don geyindirərək bunun səbəblərini başqasının üzərinə yıxmağa çalışırdılar.

Azərbaycan dövlətçiliyinin mövcudluğuna təhdid yaradan, müstəqilliyimizin yenidən itirilməsi təhlükəsi ilə üz-üzə qalmasına səbəb olan bu səriştəsizlik və hərc-mərclik isə davam edirdi. Ölkə idarəçiliyində təmsil olunan heç bir rəhbər öz səhvindən nəticə çıxarmırdı. Əksinə hər bir vəchlə özlərinə bəraət qazandırmağa çalışırdılar. İdarəolunmaz vəziyyətə çatmış ölkəmizin və xalqımızın güzəranı getdikcə daha da pisləşirdi. Bu məqamda isə əzilən ancaq sadə xalq idi.

Azərbaycanın müasir inkişafı şübhəsiz ki, Milli Qurtuluş Günü ilə əlaqədardır. Təsadüfi deyil ki, hər ilin 15 iyun günü ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu tarix dövlətimizin və xalqımızın taleyinə qızıl hərflərlə yazılıb. Bu tarix heç bir zaman unudulmayacaq və əsl qurtuluş, tərəqqi günü kimi tariximizə əbədi yazılacaq. Çünki Vətənimizin ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən ulu öndərimiz Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 15 iyundan başlanan qurtuluş tariximiz və nicat yolumuz sonrakı mırhələlərdə də Azərbaycanımızın inkişafının başlanğıcı oldu. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi əbədi olaraq daxil oldu.

 

Cavid Nuriyev – Zərdab şəhəri, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.