Huquqaz.com

Heydər Əliyev :”Vətənpərvərlik insanın daxilindəki duyğulardır,əgər bunlar yoxdursa o insan mənəviyyatsızdır”

12.05.2022
994
Heydər Əliyev :”Vətənpərvərlik insanın daxilindəki duyğulardır,əgər bunlar yoxdursa o insan mənəviyyatsızdır”
Ulu Öndər Heydər Əliyev :”Vətənpərvərlik insanın daxilindəki duyğulardır,əgər bunlar yoxdursa o insan mənəviyyatsızdır.”
Bəli, adı müasir tariximizə qızıl hərflərlə yazılan Heydər Əliyevi ancaq yeri-göyü işığa qərq edən qaranlıqları aydınlaşdıran günəşlə, bir də qartal məskəni, uca göylərə yüksələn zirvə ilə müqayisə etmək mümkündür. O, bütün cəhətlərə görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir. Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək. Xalqımız fəxr edə bilər ki, onun ləyaqətli övladı Heydər Əliyev hələ sağlığında ikən öz adını dünyanın sayılıb –seçilən görkəmli dövlət xadimlərinin, tarixi simalarının siyahsına yazmış və bununla hər birimizə başucalığı gətirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə nəzər salsaq, bunu aydın sezə bilərik. Məlumdur ki, H.Əliyev respublikamıza müxtəlif ictimai –siyasi formasiyalarda rəhbərlik etmişdir və bu cəhətdən onun Azərbaycana rəhbərlik illərini iki mərhələyə bölmək mümkündür. Birinci mərhələ 1969-1982-ci illəri əhatə edir. Həmin dövrdə Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində olsa da, Heydər Əliyev ittifaq büdcəsində respublikasına daha çox vəsait ayrılması üçün sözün əsl mənasında qətiyyət göstərmişdir. Böyük öndərin uzaqgörənliyi bu gün hər birimizdə dərin heyrət doğurur. O hələ Sovet ittifaqının mövcudluğu şəraitində gələcəyi düşünür, respublikamızın nə vaxtsa müstəqilliyə qovuşacağına inanır və bundan ötrü güclü maddi-texniki baza yaradırdı. Bildiyimiz kimi Heydər Əliyevin respublikamıza rəhbərliyinin ikinci mərhələsi 1993-2003-cü illəri əhatə edir. Böyük Öndər xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında ikinci dəfə Azərbaycanın ali rəhbərliyinə qayıdanda ölkəmizdə çox ağır vəziyyət hökm sürürdü. Ayrı-ayrı qüvvələr, nadan siyasətçilər Azərbaycanı vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdılar. Müstəqilliyimizin əldən getməsi, ölkənin parçalanması təhlükəsi yaranmışdı. Belə ağır vəziyyətdə xalq öz böyük oğlu Heydər Əliyevi Azərbaycana rəhəbərliyə dəvət etdi. Xalqının səsinə səs verən və xalqına arxalanan Heydər Əliyev özünəməxsus müdrikliklə xaosun qarşısını aldı.
Buna görə də Heydər Əliyevin adı tarixə digər böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Onun rəhbərliyi altında keçən illər respublikamız üçün sabitliyin möhkəmlənməsi, iqtisadi çiçəklənmə, nüfuzlu beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə sıx əməkdaşlıq qurulması, əhalinin rifah halının yaxşılaşması illəri olmuşdur. Bəli, Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları ilə sözün müstəqim mənasında əsl azərbaycanlı idi. Heydər Əliyevin həyatsevərliliyinin, bitib-tükənməyən həvəsinin təməlində ana Vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Ulu Öndər bütün həyat fəaliyyəti boyu xalqına arxalanmış, özü də xalqına dayaq olmuşdur.
Biz gənclər də ölkəmizin uğurlu sabahının təmsilçiləriyik. Vətənin sabahının işıqlı, gələcəyinin parlaq olması bu gün ölkədə fiziki və mənəvi cəhətdən sağlam, dünyada gedən prosesləri düzgün qiymətləndirməyi bacaran, müasir düşüncəli gənclərin yetişməsindən çox asılıdır.
Ceyhun Abdullayev
YAP Zərdab Rayon Təşkilatı nın əməkdaşı.
Şərhlər

Şərh yazılmayıb.