Huquqaz.com

Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur

09.05.2022
2.323
Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur

Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur

 

Heydər Əliyev bütün həyatı boyu ölkəmizin inkişafı və xalqımızın firavan həyatı üçün elə bir fəaliyyət nümunəsi nümayiş etdirib ki, onun istiqamətlərini dəyər baxımından bir-birindən fərqləndirmək çox çətindir. Çünki bu amala bütün varlığı ilə bağlı olan Ümummilli liderimizin baxışlarında dövlətin və xalqın taleyi ilə əlaqəli bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olub.  Lakin dünya miqyasında Heydər Əliyev ilk növbədə dövlətçilik prinsiplərinə son dərəcə ciddi yanaşan böyük siyasətçi kimi tanınır. Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası da məhz Ulu öndərimizin dövründə  qoyulub.  Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını Heydər Əliyevin sayəsində gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Respublikamıza rəhbərliyi dövründə Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.

Ümummilli liderimizin 1969-1982-ci illərdə misli görünməmiş  xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi o dövrdə ölkəmizdə qanunçuluğun və hüququn möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi super dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı ilə orada da böyük nüfuz qazanmışdı. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və müsəlman-türk dünyasının fəxrinə çevrilmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin məqsədlərin, o cümlədən keçmiş Dağlıq Qarabağ məsələsində ermənilərin separatist niyyətlərinin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq taleyüklü məqamlarda Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur. 20 yanvar faciəsindən dərhal sonra o, həyatını real təhlükə altına ataraq Moskvada sovetlər birliyi rəhbərliyini ifşa etməklə imperiya siyasəti əleyhinə çıxaraq doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirdi.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Şərhlər

Şərh yazılmayıb.