Huquqaz.com

Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur

06.05.2022
1.550
Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur

Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur

Ermənistanın bəşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurmuşdur. Ekologiyaya qənim kəsilmiş ermənilər işğal etdikləri ərazilərdə meşə zolaqlarının vəhşicəsinə qırılmasını və yandırılmasını, Araz çayı və qollarının çirkləndirilməsinı, flora və fauna növlərinin məhv edilməsinı, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini dövlət siyasətinə çevirmişlər.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal altında olmuşdur. İşğaldan azad olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrə olmuşdur. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, işğal dövründə praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın vəziyyəti barədə məlumat toplamaq mümkün olmamışdır.Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı erməni işğalçılarının tapdağı altında idi. Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğal dövründə də ermənilər tərəfindən talan edilmişdir. 261 min hektar meşə, o cümlədən 13 197,5 hektar qiymətli meşə sahələri, 215 ədəd təbiət abidəsi, 5 ədəd geoloji-paleontoloji obyekt, hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri işğal olunmuş ərazilərdə qalmışdır. Böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyəti həmin ərazilərdə vaxtilə məskunlaşmış ermənilər tərəfindən məhv edilmişdir.

 

Zərdab şəhər ümumi orta məktəbin müəllimi- Dəyanət Mehrəliyev

Şərhlər

Şərh yazılmayıb.