Azərbaycan və qırğız xalqlarının ortaq mədəni irsi və ortaq tarixi vardır
Azərbaycan və qırğız xalqlarının ortaq mədəni irsi və ortaq tarixi vardır
Bu gün Azərbaycan bütün türkdilli dövlətlər arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin formalaşması, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır. Təbii ki, bu əlaqələrin inkişafını stimullaşdıran əsas amillərdən biri də ölkələrin dövlət başçıları səviyyəsində baş tutan səfərlərdir. Bu baxımdan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də Azərbaycana etdiyi səfər də böyük əhəmiyyət kəsb edir. İlk növbədə, bu səfər ölkələrimiz arasında mövcud münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Əlbəttə ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəm təməli vardır. Prezident İlham Əliyevin də vurğuladığı kimi bu, xalqlarımızın qardaşlıq əlaqələridir və bu gün iki ölkə arasında dövlətlərarası münasibətlər belə bir möhkəm təməl üzərində qurulur. Qeyd olunmalıdır ki, Qırğızıstan Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu bir daha nümayiş etdirdi. O cümlədən hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş dövlətlər olduğu xüsusi vurğulandı. Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniştərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirmək əzmində olduqlarını bildirdilər.
Azərbaycan və Qırğızıstan dövlətləri arasında diplomatik əlaqələrin yaranmasından artıq 30 ilə yaxın bir müddət keçsə də, münasibətlər heç zaman bu səviyyədə yüksək olmayıb. Bu gün Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq strateji əməkdaşlıq formatına yüksəlib. Bu, əlbəttə, son dərəcə əlamətdar hadisədir. Həm də nəzərə almaq lazımdır ki, ölkələrimiz arasında mövcud olan 30 illik diplomatik münasibətlər fonunda belə yüksək səviyyədə əlaqələr hələ qurulmamışdı. Dövlətimizin başçısı dediyi kimi, strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Azərbaycan və Qırğızıstan dövlətləri arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arasında münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Həmçinin Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanmasından sonra yaradılacaq bu yeni təsisat çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə ediləcək. Belə bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birilərini dəstəkləyirlər. O cümlədən Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstan ölkəmizə önəmli dəstək vermişdi. Bundan başqa, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində bu iki dövlət hər zaman bir-birini dəstəkləyir. Əlbəttə ki, ölkələrarası münasibətlərdə mühüm yerlərdən birini də ticari-iqtisadi əlaqələr tutur. Məhz buna görə də Azərbaycan və Qırğızıstan Prezidentlərinin hər iki formatda görüşlərində bu məsələyə xüsusi yer ayrılıb. Keçirilən görüşlərdə investisiya layihələri ilə bağlı bir çox məsələlər müzakirə edilib. Həmçinin Prezidentlərin keçirdikləri geniş tərkibdə görüşdə nəqliyyat infrastrukturu ilə bağlı məsələlər, iki ölkənin nəqliyyat imkanlarını birləşdirməyin mümkünlüyü müzakirə olunub.
Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri
Şərh yazılmayıb.