Çek sahiblərini birləşdirən problem: “Haqqlarımızın bərpasına görə məhkəməyə müraciət etmişik” – FOTOLAR
Ötən gün, yəni noyabrın 6-da özəlləşdirmə çeki sahibləri Bakı İnzibati Məhkəməsinin qarşısına toplaşaraq, çeklərlə bağlı keçirilən məhkəmədə iştirak etdilər. 686 vətəndaşın iddia ərizəsi əsasında Dövlət Özəlləşdirmə Çeklərinə (DÖÇ) 40 000 manat ekvalentində özəlləşdirmə əmlak payı verilməsi barədə keçirilən məhkəmədən sonra növbəti məhkəmə tarixi dekabr ayına təyin olundu.
Artıq uzun illərdir ki, haqqlarının qaytarılmasını ümidlə gözləyən vətəndaşlar yenə də hüquqlarının bərpa olunacağı günü səbirsizliklə gözləyirlər.
Özəlləşdirmə çeklərinin 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara verildiyini nəzərə alsaq, indiki çek sahiblərinin yaşlı, müharibə veteranı, xəstəliklə mübarizə aparan insanlar olduğu məlumdur. Sosial-iqtisadi çətinlik yaşayan bu insanlar çeklərin tədavülə buraxılması və ya kompensasiya ödənilməsi müqabilində az da olsa çətinliklərdən qurtulacaqlarına ümid edirlər.
Çek sahiblərindən Ziyafət Məmmədova Qafqazaz.com-a açıqlamasında qeyd edib ki, bugünkü məhkəmədə öz haqqını tələb etmək üçün iştirak edir:
“Prezidentimiz İlham Əliyevin göstərişi lazımdır ki, əhalinin haqqı özünə qaytarılsın. Əks halda məmurlara elə də ümid yoxdur. İnanıram ki, vətəndaşların haqqı tezliklə bərpa olunacaq”.
Digər vətəndaş İlham Abbasov çeklərlə bağlı mövqeyini dilə gətirərkən “Bu vaxta kimi özəlləşdirmə çeklərinin dəyəri elə də bilinmirdi. Vətəndaşlara düzgün məlumat verilmədiyinə görə, əksər insanlar bu çekin əhəmiyyətini başa düşmürdü. Lakin indi hər kəs çeklərin dəyərinin fərqindədir. Vətəndaşların haqlı narazılığına cava veriləcəyini inanırıq” sözlərini söyləyib.
Əlində 5 ədəd özəlləşdirmə çekinin olduğunu qeyd edən Aybəniz Qarayeva vurğulayıb ki, O vaxtı əksər insanlar çeklərini ucuz qiymətə satsa da, o, satmayıb:
“Ümid etdim ki, zamanı gələndə bu çeklərdən daha səmərəli istifadə edə biləcəyik. Ancaq təəssüf ki, çeklərin tədavülü qanunsuz şəkildə dayandırıldı. İndi öz haqqlarımızın bərpasına görə məhkəməyə müraciət etmişik. Ümid edirəm ki, vətəndaşların haqqları özlərinə qaytarılacaq”.
Xatırladaq ki, aşağıdakı videolarda hüquqşünas alimlərin araşdırmaları və xalqa müraciətləri ilə tanış ola bilərsiniz:
Şərh yazılmayıb.