Huquqaz.com

AZƏRBAYCAN İLƏ İTALİYA ARASINDA SƏMİMİ DOSTLUQ ƏLAQƏLƏRİ MÖVCUDDUR!

09.09.2024
1.811
AZƏRBAYCAN İLƏ İTALİYA ARASINDA SƏMİMİ DOSTLUQ ƏLAQƏLƏRİ MÖVCUDDUR!

AZƏRBAYCAN İLƏ İTALİYA ARASINDA SƏMİMİ DOSTLUQ ƏLAQƏLƏRİ MÖVCUDDUR!

Cənab Prezident İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində bu ölkədə bir sıra əhəmiyyətli görüşlər keçirib. Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, dövlətlərarası əlaqələrin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu gün TAP layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olunub. Son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə (18.122 milyard dollar) qeydə alınıb. Bu kəskin artım Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlıdır. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, hazırda Azərbaycandan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur, ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir. Bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir. Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. İkitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır. Bu dost dövlətlər hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyir. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar. Cənab Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi askpektindən kifayət qədər əhəmiyyətlidir. Azərbaycan Prezidentinin İtaliyaya səfərindən sonra ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinin müşahidə olunacağı gözlənilir. İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunan ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, qədim tarixə malik olan Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var.
Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. Bu fikirlər İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən keçirilən Beynəlxalq Forumda da vurğulanıb. Sayca 50-ci olan Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında dövlətimizin başçısının “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışında Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşmasında önəmli rol oynadığına toxunulub. Mötəbər Forumda cənab Prezident İlham Əliyevin hörmətli qonaq qismində iştirakı ölkəmizin dünyada yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun təzahürü kimi qiymətləndirilib. Bu baxımdan cənab Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, İtaliya da Azərbaycana dost ölkələrdəndir və strateji tərəfdaşımızdır. Bu isə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasını nümayiş etdirməklə, iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradacaq. Bir daha vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin İtaliyaya budəfəki səfəri münasibətlərdə yeni səhifə açacaq. İtaliya Azərbaycanla uzun perspektivdə siyasi, iqtisadi və mədəni əlaqələrini qoruyub saxlamaqda davam edəcək, iki ölkə arasında münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına töhfə verəcək. Unutmayaq, Azərbaycan Cənubi Qafqazın dinamik inkişaf edən lider dövlətidir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov

Şərhlər

Şərh yazılmayıb.