Huquqaz.com

Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir

21.08.2024
2.694
Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir

Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır.

Artıq bir neçə ildir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma ən yüksək səviyyədədir. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır . Rusiya da, Azərbaycanda gələcəyə nikbin nəzərlərlə baxır. Rusiya və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulmuşdur.
Hazırda Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, bir-birini dəstəkləmə və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.
Azərbaycanın xarici siyasətinin əsas məsələləri olan keçmiş Qarabağ münaqişəsinin, həmçinin Xəzərin hüquqi statusu məsələsinin həllində Rusiyanın dəstəyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Hər iki ölkənin  dövlət başçıları  ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayırlar. Belə ki,  2022-ci ilin fevralında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin  imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni – müttəfiqlik səviyyəsinə qaldırdı. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. İki ölkə arasında bugünədək imzalanan sənədlər  mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.
Rusiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində də müxtəlif istiqamətləri əhatə edən sənədlər imzalandı. Bu sənədlər münasibətlərimizin gələcək inkişafında hüquqi bazadır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə qəbul etdikləri dövlət başçılarının Birgə Bəyanatı da münasibətlərimizin dünəninə və gələcəyinə işıq saldı. Ümumilikdə hər bir səfər əlaqələrin yeni prioritetlər üzrə inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Səfər çərçivəsində günümüzün reallıqları fonunda belə bir əminlik də ifadə edildi ki, Cənubi Qafqazda sabitlik bütün dövlətlərin və region xalqlarının köklü maraqlarına tam cavab verir. “Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, məhdud tərkibdə görüşdə regional təhlükəsizliklə bağlı məsələləri geniş müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Rusiyanın dövlət başçısı Azərbaycana səfərinin yekunlarından məmnunluğunu ifadə etdi. Vladimir Putin aparılan danışıqların və əldə olunan razılaşmaların Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirdi. Rusiya Prezidenti paytaxt Bakı ilə bağlı təəssüratlarını belə bölüşdü: “Bakıda olmağıma, şəhərə bir daha tamaşa etməyimə şadam. Şəhər inkişaf edir, uğurla inkişaf edir, deyərdim ki, bir növ regionun oazisinə çevrilir.”
Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir

Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan şimal qonşusu ilə daha da sıx əməkdaşlıq münasibətləri yaratmağa nail olub. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd kimi əlaqələrin təməl prinsiplərini müəyyənləşdirib və eyni zamanda da sonrakı dövrdə regionda yeni reallıqların yaranmasında müstəsna əhəmiyyət daşıyıb.
Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin inkişafına təkan verən bir sıra mühüm addımların atıldığı, icrası güclü perspektivlər vəd edən, effektiv nəticələr verən dövlət sənədlərinin imzalandığı son 5 il xüsusi vurğu gərəkdirir. Bu baxımdan 2020-ci ildə ölkəmizin tarixi ədaləti bərpa etdiyi 44 günlük Vətən müharibəsi zamanı Rusiyanın ötən əsrin 90-cı illərindən fərqli siyasi mövqe sərgiləməsi, sülhə çağırışları mühüm fakt kimi diqqəti çəkir. Məhz  həmin il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasında da şimal qonşumuzun əvəzsiz rolu danılmazdır ki, bununla hərbi əməliyyatların dayandırılaraq prosesin siyasi müstəvidə həllinə yol açıldı. Bütün bunların davamı olaraq Qarabağda Rusiya sülhməramlılarının missiyasını vaxtından əvvəl başa çatdırması və ölkəmizin ərazisindən çıxarılması, sərhədlərin delimitasiyası işinə başlanılması Prezident cənab İlham Əliyev diplomatiyasının növbəti uğuru kimi tarixə düşməklə həm də Vladimir Putinlə şəxsi əlaqələrinin möhkəmliyindən, sarsılmazlığından xəbər verir. Təqdirəlayiq gerçəklikdir ki, Azərbaycan dəyişən dünya düzənində, hazırkı həssas məqamda paralel şəkildə həm Avropa, həm də region ölkələri, o cümlədən də Rusiya ilə yaxşı, isti münasibətlər qurmağı bacarır. Bu diplomatik gedişlər bir sıra siyasi dairələrin, politoloqların, media nümayəndələrinin heyrətinə səbəb olur.
Məlum olduğu kimi, 2022-ci il fevralın 22-də imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”dən sonra ikitərəfli əlaqələr müttəfiqliq səviyyəsinə yüksəlib. Elə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində avqustun 19-da Azərbaycan Prezidenti cənab İlham Əliyevlə məhdud, geniş tərkibdə keçirilən görüşlərdə, mətbuata bəyanatlarda dünyada cərəyan edən hazırkı hadisələrin fonunda siyasi dairələrə, elitaya ünvanlanan mühüm mesajlardan biri də bu oldu ki, münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində imzalanan Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir və cənab İlham Əliyevin bu ilin aprelində Moskvaya səfəri zamanı ikitərəfli münasibətlərin inkişafına yaxşı təkan verilib. İqtisadi-ticari əlaqələrin uğurlu inkişafından söz açan Putin birgə fəaliyyət istiqamətlərinin çox olduğunu vurğuladı. İkitərəfli gündəlik, həm də regional təhlükəsizliklə bağlı mühüm məsələlər üzrə geniş fikir mübadiləsi apardıqlarını diqqətə çatdıran Azərbaycan Lideri də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən məmnunluğunu dilə gətirdi. Ümumilikdə, həm məhdud və geniştərkibli görüşlərdə, həm də imzalanmış sənədlərin mübadiləsi mərasiminin ardından mətbuata bəyanatlarda da hər iki lider müttəfiqlik əlaqələrinin bütün istiqamətlər üzrə inkişafından razılıqlarını və əməkdaşlığın daha da genişlənəcəyini vurğuladılar. Ölkə başçısı cənab İlham Əliyev Azərbaycan və Rusiyanın müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi bütün sahələr üzrə səmərəli, nəticəyönümlü fəaliyyət göstərdiyini bildirdi.
Cənab İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Keçirilən görüşlər, müzakirə olunan məsələlər uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. İki ölkə arasında imzalanan sənədlər arasında “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 2024-cü ilədək Əməkdaşlıq Proqramı” kimi sənədlər həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından mühüm önəm daşıyır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir.

Bu gün Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün olduqca mühüm ölkə kimi çıxış edir. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı, ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir. Artıq bir neçə əsrdir ki, Rusiya Cənubi Qafqazda mühüm xarici siyasət vektorudur.
Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur.
Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir.
İki ölkə arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq getdikcə inkişaf edir, daha da dərinləşir. Bu, iki ölkə arasında dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna uyğundur.
Bu gün Azərbaycan-Rusiya əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatının inkişafı  baxımdan müsbət nəticələrini verməkdədir. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində artıq ölkələrarası ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Müqayisə üçün bir neçə fakta diqqəti çəkmək olar: 2017-ci illə müqayisədə ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə – 4,4 milyard dollara çatıb. Cari ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572,8 milyon dollar təşkil edib. Nəqliyyat-ticarət əlaqələrinin gücləndirilməsinə mühüm töhfələr verən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də önəmi ilbəil daha da bariz şəkildə özünü göstərməkdədir. Belə ki, bu dəhliz vasitəsilə 2022-ci ilədək yükdaşımaların həcmi səkkiz dəfə, 2023-cü ilin altı ayı ərzində isə 60 faiz artıb. Ümumilikdə isə 2023-cü ildə dəhliz üzrə 9,3 milyon ton yük daşınıb. Avqustun 19-da mətbuata bəyanat zamanı dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları ilə bağlı məsələləri ətraflı müzakirə etdiklərini diqqətə çatdıran dövlətimizin başçısı dəhlizin imkanlarının daha böyük olduğunu vurğulayıb: “Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır”.
Son illərdə birgə sənaye kooperasiyası layihələrinin reallaşdırılması da ölkələrarası iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. Belə ki, Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1300 müəssisə fəaliyyət göstərir. Rusiya investorları tərəfindən Azərbaycan iqtisadiyyatına 4 milyarddan çox birbaşa investisiyalar yatırılıb. Ümumilikdə isə onu demək olar ki, iki ölkə arasında ticarət, sənaye, energetika, investisiya qoyuluşu, nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlığımız indiyədək imzalanmış 300-ə yaxın sənədə əsaslanır.
Mühüm dövlət sənədləri əsasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrini quraraq, ticarət dövriyyəsini ilbəil daha da çoxaldan Azərbaycan və Rusiya dəfələrlə bəyan edildiyi kimi, regionda təhlükəsizliyə, sabitliyə, əmin-amanlığa töhfə vermək əzmiylə çalışırlar. Vladimir Putinin ikigünlük səfərindən gəlinən nəticə də odur ki, bu iki mehriban qonşu, dost ölkə bundan sonra da ümumi inkişafda əsas faktorlardan sayılan sözügedən amilləri müttəfiqlik əlaqələrində vahid prinsiplər kimi rəhbər tutacaqlar. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənib.

Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır.
Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyətinə məlumdur.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Respublikasının Prezidenti bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.
Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənib. Cari ilin avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatlarla çıxış edərkən deyib. “Mən Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə Vladimir Vladimiroviçə və Rusiya tərəfinə təşəkkürümü bildirdim. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik”.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

Şərhlər

Şərh yazılmayıb.