Huquqaz.com

Erməni vandalizmin fəsadları

21.10.2023
1.731
Erməni vandalizmin fəsadları

Erməni vandalizmin fəsadları.

İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Buna görə də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə yeksan edilmiş, onların bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilmişdir. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir. Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparır. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılmış və ya erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilmişdir. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunur. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınmış və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olmuşdur.

Zəngilan rayonunun müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyasına uyğun bərpa işləri sürətlə davam etdirilir. Məlumdur ki, işğal zamanı digər rayonlarda olduğu kimi, Zəngilanın da tarixi, mədəni və dini abidələri yerlə-yeksan edilmişdir.  Rayonun ermənilərin vandaliziminə məruz qal­mış tarixi-dini abidələri sırasın­da məscidlər və ziyarətgahlar İmam Hüseyn məscidi (XVII əsr, Zəngilan şəhəri), Zəngilan məscidi (XIX əsr), Malatke­şin məscidi (XIX əsr), Qırıq Muşlan, Muşlan, Rəzdərə kəndlərindəki məscidləri (XIX əsr), Xanazor, Yeməzli alban kilsələrini – (Yeməzli kəndi), Ziya Baba ocağı (Ağkənd), Xanazur türbəsi və piri, Sultan Heydər piri (Bartaz kəndi), Günqışlaq piri, Hacıllı günbəzi, Məlikli Hacı Mir Məhəmməd ocağı, Pirveyis piri, Seyid Musa ocağı (Sobu kəndi), Qaradağlı piri (Şəfibəyli kəndi), Yal piri (Vejnəli kəndi), Soltan ocağı (Yeməzli kəndi) tamamilə dağıdılıb. Zəngilan abidələri öz memarlıq xüsusiyyətlərinə görə fərqlənir. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə xalqı­mızın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.

Zəngilanın tarix və mədəniyyət abidələrinin işğaldan sonrakı vəziyyətinin qeydə alınması komissiya­sı müəyyənləşdirmişdir ki, abidələr çox bərbad günə qoyulub, təkcə Məmmədbəyli türbəsini, Şatrazda və Qarabağlar kəndlərindəki alban abidələrini bərpa etmək mümkün ola­caq. Qalan abidələr tamamilə yenidən qurulmalıdır. Zəngilanda 6 məscid, 2 alban kilsəsi, 20 ziyarətgah var idi. Eyni zamanda, 70 kitabxana, 3 muzey, 4 musiqi məktəbi, 2 kinoteatr, park işğal zamanı yox edimişdir. Amma cənab Prezidentin dediyi kimi, dağı­dılmış bu abidələr, mədəniyyət müəssisələrinin binaları bərpa edilərək öz əvvəki görkəminə qaytarılacaq.

 

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı        

Şərhlər

Şərh yazılmayıb.