Huquqaz.com

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur

13.05.2023
2.832
Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur

May ayının 10-da Ulu öndər Heydər Əliyevin 100 illik yubiley günündə Şuşa şəhərindən xalqına müraciəti zamanı Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmin edildiyini, əmin-amanlıq hökm sürdüyünü vurğulayan dövlətimizin başçısı deyib: “Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq.”

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Müstəqil dövlət olmaq, müstəqil dövlətdə yaşamaq sərvətdir. Hər bir xalqa məxsus olmayan sərvət. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Azərbaycan əsrlər boyu mücadilələr aparmış, torpağına göz dikən, azadlığını buxovlayan, ona düşmən kəsilən yadellilərlə ölüm-dirim savaşına qalxmış, saysız qurbanlar vermişdir. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsidir.

Ümummilli liderimiz Heydər Əliyev çıxışlarında tez-tez deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdaraq dövlətimizi və dövlətçiliyimizi dağılmadan və məhvolmadan xilas etməsəydi, cənab İlham Əliyev iqtisadi yüksəlişi, dünyaya inteqrasiyanı, müxtəlif təhlükə və təhdidləri dəf etməyi, qonşu və digər dövlətlərlə bərabərhüquqlu və milli maraqlara əsaslanan siyasət qurmasaydı müstəqilliyimiz uzun ömürlü olmazdı.

Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipallıqla davam etdirərək Azərbaycanı sabitlik və əmin-amanlıq adası kimi qoruyub saxlayır, Cənubi Qafqazın lider dövlətinə çevirərək iqtisadi qüdrətini və siyasi nüfuzunu daim artırıır. Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycanın gələcəyini düşünən ümummilli lider Heydər Əliyev hələ o dönəmdə bu gün şahidi olduğumuz tarixi proseslərin vəsiyyətini etmişdi

Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciəti hər birimizi bir daha qürurlandırdı. Özünün də qeyd etdiyi kimi, o bu tarixdə Bakıda da ola bilərdi. Ancaq ulu öndərin ən böyük arzusunun reallaşdığı yerdə dayanaraq onun 100 illik yubileyini qeyd etməsi heç bir sözlə ifadə edilməyəcək dərəcədə sevindirici haldır.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi.

Azərbaycanın gələcəyini düşünən ümummilli lider Heydər Əliyev hələ o dönəmdə bu gün şahidi olduğumuz tarixi proseslərin vəsiyyətini etmişdi.

Bu vəsiyyətlərdən biri də Şuşa şəhəri ilə bağlı idi. Ümummilli lider Heydər Əliyev Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi.

Bu gün Azərbaycan gələcəyinə hesablanmış bu vəsiyyətləri Prezident İlham Əliyev reallaşdırmaqdadır. 44 günlük Vətən müharibəsi zamanı xüsusi əməliyyatla Şuşa şəhərinin azad olunması, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, 270 illik tarixi olan Şuşa şəhərinin yenidən bərpa edilməsi, dirçəldilməsi, əvvəlki şöhrətinin qaytarılması Ümummilli Liderimizin Şuşa ilə bağlı vəsiyyətinin tam həyata keçirildiyini sübut edir.

Ümummilli lider Heydər Əliyev hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl ilk dəfə 1967-ci ildə Şuşada olmuşdu. O vaxt Xankəndində azərbaycanlılarla ermənilər arasında yaranan münaqişə zamanı erməni millətçiləri üç azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də, Şuşaya getmişdi. Şuşada olarkən ermənilərin vaxtikən amansız təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görən Heydər Əliyev Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyünü  Azərbaycan rəhbərlərinə söyləmişdi.

1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra ulu öndər Şuşanı abadlaşdırmaq, dağıdılmış, yandırılmış evlərin bərpasına nail olmaq, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Şuşanın Azərbaycan xalqı üçün siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür

Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu heç bir çətinliyə baxmayaraq etmişdir. Hətda Sovet dönəmində Azərbaycan xalqının maraqlarını qoruyur və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı.

Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər il böyük hüznlə may ayının 8-i Şuşanın işğalı günü kimi qeyd edirdi. Şuşanın işğalı Azərbaycan xalqının yaddaşında dərin və ağır izlər buraxmışdı. Azərbaycan xalqı heç zaman həmin ağır günləri unutmayacaq. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan xalqı gələcəyə baxmağı bacaracaq.

Şuşanın Azərbaycan xalqı üçün siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Qarabağ Xanlığının paytaxtı olan Şuşa həm də mədəniyyət abidələri ilə zəngindir.

Prezident İlham Əliyevin 7 may tarixli Sərəncamına əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Bu tarixi şəhər Azərbaycana bir çox tarixi şəxsiyyətlər bəxş edib. Şuşada həmçinin, qədim tarixə malik bir çox dini abidələr mövcuddur. Onların böyük əksəriyyəti ermənilər tərəfindən vəhşiliklə dağıdılıb.

Azərbaycan vətən müharibəsi zamanı qısa müddətdə Şuşanı düşmən işğalından azad etdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün etdiyi çıxışı yaxşı xatırlayır. O çıxışında xüsusi olaraq vurğulamışdı: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Bəli Şuşa artıq azaddır. Biz indi Şuşaya qayıtmışıq. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.

İndi Şuşada bir sıra tədbirlərin keçirilməsi  erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir.

İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda qısa zaman ərzində genişmiqyaslı quruculuq işləri aparır.

Görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

1993-cü ildən 2003-cü ilədək dahi liderimiz həyatını müstəqil dövlətimizin və xalqımızın inkişafına həsr etdi

Mayın 10-da Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyev Şuşa şəhərindən etdiyi müraciət tarixi müraciət kimi dəyərləndirilməlidir. İlk növbədə, Qarabağın tacı, 44 günlük Vətən müharibəsində Zəfərimizin rəmzi olan Şuşa şəhərindən bu müraciətin edilməsi böyük məna daşıyır. Məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününü hər il xalqımız və dövlətimiz böyük təntənə, milli bayram səviyyəsində qeyd edir. Ulu Öndərin 100 illik yubileyi isə daha möhtəşəm oldu. Torpaqlarımızın azad edilməsi, o cümlədən Şuşanın azad edilməsinə görə Ulu Öndərimizin ruhu şaddır.

Azərbaycan Prezidenti müraciətində Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz xidmətlərindən geniş bəhs edib. Müasir Azərbaycanın tarixi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunub. 1969-1982-ci illərdə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, zəngin təcrübəyə, nadir istedada malik Heydər Əliyevin rəhbərliyi altında respublikada istehsalın həcmi və məhsuldarlıq sürətlə yüksəlib, böyük nailiyyətlər qazanılıb. Qısa müddət ərzində Azərbaycan keçmiş ittifaq respublikaları arasında sosial-iqtsadi cəhətdən ön sıralara çıxdı, eləcə də milli mədəni və mənəvi intibah dövrü başladı. Haqlı olaraq deyilir ki, o dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli şüurun və milli özünüdərkin oyanışı baş verdi ki, bu da Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi.

1988-ci ildən başlanan və 1993-cü ilin ortalarına qədər baş verən proseslər göstərdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı müddətdə xalqımızın başına çox böyük faciələr gəldi, ermənilər tərəfindən torpaqlarımızın bir hissəsi işğal olundu, Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gəldi. Çox ağır bir dövrdə dövlət idarəçilik sükanını öz əlinə alan Ulu Öndərimiz özünün cəsarəti, polad iradəsi, fədakarlığı nəticəsində bütün çətinlikləri qısa müddətdə dəf etdi, Azərbaycanı məhv olmaqdan xilas etdi. Biz haqlı olaraq Heydər Əliyevi xalqmızın xilaskarı kimi dəyərləndiririk. Bundan sonra isə ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, Azərbaycan tərəqqi yoluna çıxdı. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini, bünövrəsini yaratdı. Bu elə bir bünövrə oldu ki, dahi şəxsiyyətin özünün dediyi kimi Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən 2003-cü ilədək dahi liderimiz həyatını müstəqil dövlətimizin və xalqımızın inkişafına həsr etdi. O hakimiyyəti dövründə xalqımızın tərəqqisi, ölkəmzin güclənərək beynəlxalq miqyasda öz layiqli yerini tutması üçün titanik fəaliyyət göstərdi.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan dövləti bu gün işğaldan azad edilmiş əraziləri bərpa etməklə yanaşı bütövlükdə regionda yeni təşəbbüslərlə çıxış edir

Bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Dövlətimizin başçısının ötən illər ərzində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb, regional və qlobal enerji, eləcə də nəqliyyat layihələri ölkəmizin dünya üçün önəmini təsdiqləyib, dünya dövlətləri ilə bərabərhüquqlu əsaslarda münasibətlər qurulub. Həmçinin  nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilib. Məhz fəal diplomatiya sayəsində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sənədlər qəbul olunub, dünya ölkələri də Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan ediblər. 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərkən də bu sənədlər hüquqi baza rolunu oynayıb. Vətən müharibəsi zamanı cənab İlham Əliyevin güclü strateq, cəsur və məğlubedilməz sərkərdə olduğu bir daha təsdiqləndi. Bununla da, cənab İlham Əliyev ATA vəsiyyətini yerinə yetirdi. Amma işğaldan azad edilmiş ərazilərimizi bərpa etmək hazırda qarşımızda dayanan ən ümdə vəzifədir. Artıq o torpaqlara artıq həyat qayıdır.

İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir. Prezident İlham Əliyevin müraciətində deyildiyi kimi, bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır: “Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görə bilirsən ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir”. Cənab Prezident həmçinin vurğulayıb: “Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, ancaq öz daxili resurslarımız hesabına yaşayaq və daxili resurslar hesabına Qarabağı, Zəngəzuru yenidən quraq”.

Azərbaycan dövləti bu gün işğaldan azad edilmiş əraziləri bərpa etməklə yanaşı bütövlükdə regionda yeni təşəbbüslərlə çıxış edir. Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına hədəflənib. Biz zaman-zaman Ermənistanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə təxribatlarının şahidi oluruq. Lakin bu təxribatlar yeni reallıqları dəyişdirmək iqtidarında deyil. Çünki 44 günlük müharibədə qələbə qazanan, yeni reallıqlar yaradan Azərbaycan şərtləri diktə edir. Beləliklə, bugünkü müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir. Dövlətimiz Heydər Əliyev yolu ilə gedərək daha böyük nailiyyətlərə imza atacaq!.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir

Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycanı bu gün bütün dünya müstəqil dövlət kimi tanıyır. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır. O, hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycanın davamlı inkişafını təmin edib. Həyatının böyük hissəsini Azərbaycanın inkişafına həsr edən xalqımızın əvəzolunmaz övladı Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət kimi qəlblərdə əbədi yaşayır və bundan sonra da yaşayacaqdır.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır.

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə görüyü işləri, misilsiz xidmətləri, tematik sitatları xatırlamaq yerinə düşərdi. “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” deyəndə Azərbaycan xalqının həyatında və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətin bu sahədə gördüyü işlər hər birimizin gözü önündə canlanır.

Ulu Öndər Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.

Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı müraciətini Azərbaycanın mədəniyyət paytaxtımız Şuşadan etdi

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilir. Dünyaya Günəş kimi doğan, tarixi Zəfəri ilə dünəninin, bu gününün və gələcəyinin təqdimatını edən Azərbaycanın hər günü üçün Ümummilli Lider Heydər Əliyevə borcluyuq. Dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Məhz buna görə böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Dahi şəxsiyyətin şah əsəri illər keçdikcə biri-birindən möhtəşəm uğurlarla zənginləşdi, tarixi Zəfərə imza atdı. Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı müraciətini Azərbaycanın döyünən ürəyi, mədəniyyət paytaxtımız Şuşadan etdi. İmzalanan hər bir sənədin, edilən müraciətin, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin məkanı hər zaman xüsusi önəm kəsb edir. Dövlət başçısı qeyd olunan müraciəti məhz Şuşadan etdi. Ölkə Prezidentinin bu məkandan edilən müraciəti Ulu Öndər Heydər Əliyevin, Azərbaycan xalqının qarşısında hesabat kimi dəyərləndirildi. Cənab İlham Əliyev Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı vaxtdan bugünədək Azərbaycanın keçdiyi yolun təqdimatını etdi. Dövlət başçısı “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik” fikirləri ilə müraciətin Şuşadan edilməsinin səbəbini açıqladı.

Bu meydandan qəhrəman Azərbaycan hərbçilərindən  Şuşanın azad olunması raportunu alan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  elə həmin məkandan  da Ümummilli Lider Heydər Əliyevin yubileyi ilə bağlı müraciətini edərək “2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!” söylədi. Ölkə Prezidenti ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bir daha xalqa çatdırdı.

Əliabbas Salahzadə bildirib ki, Qarabağın tacı Şuşanın timsalında bütün işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin aydın təsəvvürü yaranır: “Mayın 2-dən başlayaraq Qarabağa və Şərqi Zəngəzura davamlı səfərlər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva çoxlu sayda sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak etdilər, əksər obyektlərdə aparılan bərpa-quruculuq işləri ilə tanış oldular. Görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Hər günü xoş anlarla zəngin olan, çal-çağırlı Şuşa sözün əsl mənasında dirçəlir, əvvəlki şöhrəti özünə qayıdır. Mədəniyyət paytaxtımız beynəlxalq əhəmiyyətli tədbirlər üçün məkana çevrilib. Artıq üçüncü ildir ki, “Xarıbülbül” musiqi festivalı ənənəsi davam edir. 30 illik işğal dövrünün dağıntılarının genişmiqyaslı bərpa-quruculuq işləri ilə əvəzlənməsi hər birimizdə böyük qürur hissi yaradır. Şuşanın qonağı olan hər kəs işğal və postmünaqişə dövrünün reallıqlarını müqayisə etməklə Azərbaycan xalqının qurucu, məğrur, yenilməz xalq olduğunu böyük fəxr hissi ilə qeyd edir.”

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Cənab İlham Əliyevin müraciətində Ermənistana və havadarlarına ünvanlanan mesajlar da öz əksini tapıb

Dövlət başçısı İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyində Şuşaya səfəri Onun əlamətdar günləri xalqla birgə keçirməsi ənənəsinin davamıdır: “Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq ölkə Prezidentinin bütün tarixi günlərdə, bayramlarda işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini, müraciətini məhz bu məkanlardan etməkdən qürur hissi keçirdiyini görürük. Hər bir müraciət özündə Azərbaycanın dünənindən bu gününə və gələcək hədəflərinə bir baxış, zəngin mənbədir. Ümummilli Lider Heydər Əliyevin canından artıq sevdiyi dövləti, xalqı son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurları ilə dünyanın diqqətindədir.”

Cənab İlham Əliyevin müraciətində Ermənistana və havadarlarına ünvanlanan mesajlar da öz əksini tapıb. Ölkə Prezidenti “Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdi ki, biz bu vəziyyətlə barışacağıq. Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz Bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi” söyləməklə bu torpaqların tarixi sahibinin kim olduğunu və burada əbədi olacağımızı bəyan etdi. İki ildən artıqdır ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, Böyük Qayıdış proqramı uğurla icra edilir. Soydaşlarımızın bu torpaqlara qayıdışı mərhələ-mərhələ həyata keçirilir. 2023-cü il laçınlıların Laçına qayıdışı ilə tarixə yazılacaq. Dövlət başçısı İlham Əliyev müraciətində bu çağırışı da etdi: “Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur.”

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Prezident İlham Əliyevin Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı müraciətini Şuşadan etməsinin də rəmzi mənası vardır

Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 2-dən Qarabağa və Şərqi Zəngəzura başlayan davamlı səfərləri mühüm məqamlarla tarixə yazıldı. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi hər birimizin qəlbində böyük qürur hissi yaratdı. Qarabağın tac Şuşada aparılan bərpa-quruculuq işləri, yaşanan çal-çağırlı günlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə xalqa müraciətində səsləndirdiyi bu fikirləri yada salır: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik”. Artıq bu gün Şuşa, həqiqətən də dirçəlir…

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təkcə Qarabağın tacı, bütün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirsək, həyata keçirilən bərpa-quruculuq işlərinin miqyasını təsəvvür edə bilərik. Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanışlıq, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimi, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin, Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Şuşada təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Gül Festivalı ilə tanışlıq və sair kimi biri-birindən uğurlu addımlar bu ecazkar diyarın əvvəlki şöhrətinin özünə qaytarılmasına xidmət edən mühüm məqamlar sırasındandır. Şübhəsiz, bu sıralama bunlarla bitmir. Sonra Azərbaycan Prezidenti, birinci xanım və ailə üzvləri Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin, Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisinin, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının, Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak etdilər. Görülən işlər Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunun, həmçinin iqtisadi və maliyyə imkanlarımızın genişliyinin təqdimatı oldu.

Prezident İlham Əliyevin Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı müraciətini Şuşadan etməsinin də rəmzi mənası vardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təbrik müraciəti Bakıdan da edilə bilərdi. Amma hesab etdim ki, mən bu gün burada – Şuşada, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzi, Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri Şuşanın azad olunması ilə bağlı raport vermişdilər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır”.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Prezident İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşaya səfəri bir daha əlamətdar günləri xalqla birgə keçirmək ənənəsinin davamı oldu

Prezident İlham Əliyevin Şuşadan müraciəti həm xalq, həm də Ulu Öndərin ruhu qarşısında hesabat kimi dəyərləndirilir. Bu müraciətdə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində əslində 1993-cü ildən başlayan müstəqillik tariximizin və keçdiyimiz uğurlu inkişaf yolumuzun, dövlət başçısının 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonra andiçmə mərasimində verdiyi vədləri yerinə yetirdiyinin təqdimatı oldu. Dövlətimizin başçısı bu təqdimatı “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı” fikirləri ilə ümumiləşdirdi.

Prezident İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşaya səfəri bir daha əlamətdar günləri xalqla birgə keçirmək ənənəsinin davamı oldu. Prezident insanlarla, xalqla yaxın ünsiyyət modelinə üstünlük verir. Hələ 2003-cü ildə Prezident kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev ötən 20 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi Liderə çevrilib. Ötən dövrün reallıqları Ulu Öndər Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. Azərbaycan bu gün qalib ölkə kimi dünya birliyində sözünün imzası qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. Tarixi Zəfərimizdən sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir tarixi günü, bayramı, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan dönüş anlarını məhz işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir. Dövlətimizin başçısının tarixi Zəfərimizdən dərhal sonra – 2020-ci il noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarına ilk səfəri də məhz Qələbənin sevincini xalqla birgə bölüşmək məqsədi daşıdı.

Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərlərin hər biri ilə bağlı paylaşımları ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır. Atılan hər bir addımın məqsədi artıq əzəli və əbədi sahibinə qovuşan torpaqlarımızın hazırkı çal-çağırlı həyatını ölkə və dünya ictimaiyyətinə çatdırmaqdır. Bu torpaqlarımız işğal dövründə hansı həyatı yaşayıb, bu gün hansı sevincli anı yaşayır, bunlar Mehriban xanım Əliyevanın çəkilişlərində, paylaşımlarında öz əksini tapır.

İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə başlanan zaman ilk olaraq tarixi və dini abidələrimizin bərpasına xüsusi diqqət göstərilməsi böyük rəmzi məna daşıyır. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu işlər milli-mənəvi dəyərlərimizin qorunmasının prioritetliyini təsdiqləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.