Huquqaz.com

Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır

27.04.2023
1.991
Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır

Avropada cərəyan edən hadisələr səbəbindən enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti getdikcə çoxalır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında mühüm aktora çevirib. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunun əyani təzahürüdür.

Son dövrlər Balkan regionu Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib və ölkəmiz də bu bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir parçası olan Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir.

Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstana, Albaniyaya, Serbiyaya və Rumıniyaya səfərləri, 2023-cü ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində Xorvatiya və Monteneqro Baş nazirləri ilə görüşləri, həmçinin bu ay Bosniya və Herseqovinaya rəsmi səfəri xüsusi qeyd olunmalıdır.

Eyni zamanda, Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Onların Azərbaycana səfərləri bunun bariz göstəricisidir. Bu baxımdan Albaniya Prezidentinin və Baş nazirinin, Serbiya Prezidentinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çərçivəsində təşkil edilən tədbirlərdə iştirak etmək üçün Balkan ölkələrinin, o cümlədən Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfərlər etmələri, dövlətimizin başçısı ilə görüşlər keçirmələri xüsusi məna kəsb edir.

Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan – Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan-Bolqarıstan əməkdaşlığı son bir ildə çox uğurla inkişaf edib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin dəvəti ilə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sofiya şəhərinə işgüzar səfəri başlayıb. Bu səfər Prezident İlham Əliyevin Bolqarıstana sayca 5-ci səfəridir (Bundan əvvəl Azərbaycanın dövlət başçısı bu ölkəyə üç dəfə rəsmi (2005-ci, 2015-ci və 2022-ci illərdə), bir dəfə isə işgüzar (2009-cu) səfər edib. Dövlətimizin başçısının Bolqarıstana sonuncu səfəri ötən il 30 sentyabr-1 oktyabr tarixlərində reallaşıb. Həmin rəsmi səfər çərçivəsində, həmçinin Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi mərasimi keçirilib və Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Prezidentinin Sofiyaya bugünkü işgüzar səfəri zamanı Azərbaycan və Bolqarıstan dövlət başçılarının iştirakı ilə “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma mərasimi, SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı baş tutacaq. Dövlət başçıları, həmçinin təkbətək görüş keçirəcəklər.

Qeyd edək ki, SOCAR ilə Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın “FGSZ” və Slovakiyanın “Eustream” şirkətləri arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması Bolqarıstan tərəfindən təklif olunub. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Xatırladaq ki, Bolqarıstan Prezidenti Rumen Radev indiyədək ölkəmizə iki dəfə (1 rəsmi (2017-ci il 12-14 oktyabr) və 1 işgüzar (2023-cü il 10-11 mart) səfər edib.

Bu il martın 11-də X Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumen Radev Azərbaycan Prezidenti ilə görüşdə bildirib: “Sizin (Prezident İlham Əliyev – red.) Sofiyaya səfəriniz bizim əməkdaşlığımızın digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi. Əvvəlcə enerjidən başlayaq. Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən hər şey mükəmməl və heç bir problem olmadan işləyir. Biz Azərbaycandan qaz aldığımıza görə məmnunuq. Biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz Sizə məlumdur. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq”. Bolqarıstan Prezidenti, həmçinin qeyd edib ki, onlar şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Prezident İlham Əliyevlə işləməkdən məmnundurlar.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan-Bolqarıstan münasibətlərinin tarixi

 İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olundu. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb..

Xatırladaq ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. İki dövlət arasında əlaqələrə müsbət təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan münasibətləri yüksələn xətlə inkişaf edib. Sonralar isə ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutub. İndiyədək iki ölkə arasında 65 sənəd imzalanıb. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.

Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə qalxıb.

Son dərəcə vacib əhəmiyyət daşıyan bu sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib.

Bir daha xatırladaq ki, Bolqarıstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. 2022-ci ildə iki ölkə nümayəndələrinin səfərləri intensiv xarakter alıb.

2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub – iki ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları, ikitərəfli ticarətin saldosu 259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə təşkil edib.

Enerji sahəsində əməkdaşlıq ölkələrimizin iqtisadi əlaqələrinin əsas istiqamətlərindən biridir. 2013-cü ildə imzalanmış qaz satışı müqaviləsinə əsasən, Azərbaycanın Şahdəniz yatağında hasil olunan 1 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti Trans-Adriatik boru kəməri (TAP) və 2022-ci il oktyabrın 1-də istifadəyə verilmiş Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vasitəsilə Bolqarıstana çatdırılacaq.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan-Bolqarıstanın mədəni-humanitar münasibətləri

Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq da xüsusi vurğulannmalıdır. Balkan regionunda açıq səma altında ən böyük muzey kompleksi olan Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. 2016-cı il sentyabrın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu muzey qoruğunun açılış mərasimində iştirak ediblər.

Eyni zamanda, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilərək nəşr olunub. Həmçinin bolqar ədəbiyyatının klassikləri İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqalarının əsərləri Azərbaycan dilinə tərcümə edilib.

Azərbaycanla Bolqarıstan arasında elm və təhsil sahəsində də geniş əlaqələr mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılıb.

Xatırlatmaq yerinə düşər ki, Qabrovo ilə Şəki, Varna ilə Gəncə, Burqas ilə Sumqayıt və Veliko Tırnovo ilə Naxçıvan arasında qardaşlaşmış şəhər münasibətləri qurulub.

Sıx ikitərəfli əlaqələrin daha bir nümunəsi isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Bakı” küçəsinin olmasıdır. Küçənin açılışı 2005-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı baş tutub.

Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycanla Bolqarıstan arasında informasiya sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Belə ki, 2004-cü il oktyabrın 7-də Bakı şəhərində Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Bolqarıstanın Xəbər Agentliyi (BTA) arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir və xəbər mübadiləsi həyata keçirirlər.

Yuxarıda sadalanan faktlar və rəqəmlər onu deməyə əsas verir ki, qədim ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Prezident İlham Əliyevin Bolqarıstana səfəri əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin təsdiqidir

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin inkişafı əsas yer tutur. Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Avropa İttifaqına üzv dövlətlərin bir çoxu Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Ölkəmizlə Avropa İttifaqı arasında sıx əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynadı. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu daha da artırır.

2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanın enerji diplomatiyasının davamlı uğurlara yol açdığını təsdiqlədi. Ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevin və Avropa Komissiyasının Prezidentinin iştirakı ilə “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bu məqamı xüsusi diqqətə çatdırdılar ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində yaranan uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandumu gələcək üçün bir növ yol xəritəsi kimi dəyərləndirən dövlətimizin başçısı bildirdi ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub və bundan sonra da böyük uğurlara imza atacağıq. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.

Aprelin 25-də Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri, səfər çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında Anlaşma Memorandumu”nun imzalanması, Sofiyada SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı kimi mühüm hadisələr iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu mühüm addım Azərbaycan-Bolqarıstan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi kimi dəyərləndirilir. O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq SOCAR uğurlu investisiya layihələri ilə beynəlxalq qurumlar arasında xüsusi yer tutur.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir

Ötən ilin oktyabrında Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində dövlət başçısı İlham Əliyevin iştirakı və çıxışı ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə işıq saldı. Prezident İlham Əliyev çıxışında bu layihənin Avropanın enerji təhlükəsizliyinin təminatında və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi. Yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbatın artdığı xüsusi qeyd edilərək vurğulandı ki, iki ildən artıqdır Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Bolqarıstan Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir.

Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək respublikamızın təşəbbüsləri reallığa çevirən ölkə kimi nüfuz qazandığını görərik. Heç də təsadüfi deyil ki, Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə olduğu beynəlxalq səviyyədə təqdir edilir. Avropa ölkələrinə səfərləri zamanı Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, layihələrin dünyanın enerji xəritəsini dəyişməsindən geniş bəhs edən dövlətimizin başçısı bu reallığı da diqqətə çatdırır ki, uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində bolqarıstanlı həmkarı Rumen Radev ilə təkbətək görüşündə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı xüsusi qeyd olundu. “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə əminlik ifadə edildi. Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfə xüsusi vurğulandı.

Ötən il Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı keçirilən görüşlərdə elektrik enerjisinin ixracı, bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, dost ölkədə enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə edilmişdir. Belə bir hədəf irəli sürülmüşdür ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının vaxtı çatıb və bunu yaxın vaxtlarda edəcəyik. Heç şübhəsiz, qısa zamanda gerçəkləşən bu hədəf Azərbaycanın etibarlı tərəfdaş kimi təqdimatına yeni əlavələr edərək, SOCAR-ın beynəlxalq nüfuzunu daha da artıracaq.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri Azərbaycan–Balkan ölkələri münasibətlərində yeni səhifə, rəsmi Bakının Avropa İttifaqının enerji təhlükəsizliyində çəkisinin artmasına mühüm töhfə oldu

Prezident İlham Əliyevin özünün də ifadə etdiyi kimi: “Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”. Görüş və imzalanma mərasimlərində Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Avropa İttifaqının rəsmilərinin də davranışlarından da göründü ki, onlar Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, bu prosesdə Prezident İlham Əliyevlə birlikdədirlər. Xüsusən Bolqarıstanın Prezidenti və Aİ komissarının çıxışlarında bu, özünü daha aydın formada göstərdi.

Rusiya-Ukrayna münaqişəsi fonunda Avropanın enerji bazarında Azərbaycan təbii qazına tələbat durmadan artır. Prezident İlham Əliyevin zamanında reallaşdırdığı layihələr isə imkan verir ki, Bakı bu tələbata adekvat reaksiya verə bilsin. Hətta Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson açıq formada ifadə etdi ki, “bu qış Avropa İttifaqının enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur”. Əlbəttə, mövcud vəziyyət, daha doğrusu, Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında rolu, “Köhnə qitə”nin enerji bazarında Azərbaycan qazına tələbatın durmadan artması Bakını qane edir. Lakin dövlətimizin başçısı həmişə olduğu kimi, yenə də daha irəli baxmağa üstünlük verdiyini gizlətmir. Prezident İlham Əliyev bildirdi ki, “biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var”.   Təbii ki, ilk növbədə, Azərbaycan təbii qaz təchizatçısı kimi əhatə arealını genişləndirməkdədir. TAP layihəsi uğurla reallaşdırıldıqdan sonra Prezident İlham Əliyevin enerji siyasətinin yeni səhifəsi olan “Həmrəylik Halqası”na start verilməsi məhz bu konsepsiya ilə üst-üstə düşür. Azərbaycan qazının Yunanıstan ərazisindən İtaliyaya ötürülməsini ehtiva edən TAP-a əlavə olaraq “Həmrəylik Halqası” 10-dan çox Avropa ölkəsinin enerji təminatında Azərbaycanı söz sahibinə çevirəcək və Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələr yeni mərhələyə daşınacaq. Prezident İlham Əliyev məhz belə amilləri nəzərə alaraq Sofiyada bəyan etdi ki, “Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır.

“Həmrəylik Halqası” təktərəfli layihə deyil, həm mənbə ölkə olaraq, həm də, eyni zamanda, reallaşmasında dövlətimizin başçısının xüsusi həlledici rol oynadığını nəzərə alaraq, heç şübhəsiz, prosesin flaqmanı Azərbaycandır. “Nəzərə alsaq ki, Azərbaycan yalnız neft və qaz təchizatı ilə kifayətlənmir və Prezident İlham Əliyevin də çıxışında bəyan etdiyi kimi, Azərbaycan bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışır. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialının təxminən 200 qiqavat olmasını, bu mənbənin isə heç bir zaman tükənmədiyini, yaşıl enerjinin əsas ixrac istiqamətinin isə Avropa olduğunu qəbul etsək, heç şübhəsiz, yaxın və uzaq perspektivdə Avropanın enerji təhlükəsizliyi üçün Bakı ən arzuolunan təminatçı kimi rolunu daha da gücləndirəcək.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Azərbaycanın iqtisadi münasibətlərdə etibarlı tərəfdaş imici qazanmış azsaylı dövlətlərdəndir

Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması zamanı Avropa İttifaqı komissarı, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycanla bağlı söylədiyi fikirlər də bir daha təsdiq etdi ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşı hesab olunur. Beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş amili ciddi məsələdir. Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri hər zaman layiqincə yerinə yetirib.

Bizimlə tərəfdaş olan istənilən ölkə əmindir ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi vaxtında, keyfiyyətlə yerinə yetirəcək. Bir çox Avropa dövlətlərinin liderləri Prezident İlham Əliyevin istənilən şifahi vədini belə artıq müqavilə sənədi kimi qəbul edirlər. Əslində, Prezident İlham Əliyevin vaxtilə Avropanın enerji təhlükəsizliyinə yönələn təkliflərinin hamısı qəbul olunsaydı, bu gün Avropada enerji böhranı olmazdı. Bu baxımdan Azərbaycan nəinki etibarlı tərəfdaşdır, həm də gələcəyə yönələn və qlobal təşəbbüslər irəli sürən bir dövlətdir. Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli Lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, sülhə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafını təmin edir.

Azərbaycan dövləti Qoşulmama Hərəkatı çərçivəsində də bir sıra qlobal təşəbbüslər irəli sürüb. Bu baxımdan ölkəmiz qlobal səviyyədə böyük işlərə imza atır və dünyada mühüm söz sahibinə çevrilir. Bunun da əsasında duran ilk amil Azərbaycanın etibarlı və beynəlxalq hüquqa hörmət edən dövlət imicidir. Bir sıra böyük siyasi xadimlər də etiraf edirlər ki, son illər Azərbaycan tərəfindən irəli sürülən bütün təşəbbüslər nəinki region, həm də bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bölgədə və dünyada sülhün, təhlükəsizliyin tərəfdarı olan ölkəmizin göstərdiyi təşəbbüslərin, atdığı addımların böyük dəstək qazanması, alqışlarla qarşılanması Azərbaycanın həm də beynəlxalq aləmdə söz sahibi olmasından xəbər verir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır

Məlum olduğu kimi, Azərbaycan hazırda öz iqtisadiyyatını daha da gücləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, minalardan təmizləmə işləri həyata keçirir. Bütün bunlar isə milyardlarla dollarlara başa gəlir. Azərbaycan hər şeyi heç bir kənar qüvvənin dəstəyi olmadan öz daxili imkanları hesabına edir.

İqtisadi göstəricilərimiz bununla yekunlaşmır. Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Təsadüfi deyil ki, bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır. Elə aprelin 25-də Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında Anlaşma Memorandumunun imzalanması da deyilənləri təsdiqləyir.

Bu gün Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan, eyni zamanda, etibarlı tərəfdaş kimi də Avropada yüksək nüfuza malikdir. Sözügedən imzalanma mərasimindəki çıxışlar da bunu bir daha təsdiqləyir.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson videomüraciətində bu məqamın üzərində xüsusi olaraq dayandı. Xanım Simson imzalanmış Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyini vurğulamaqla yanaşı, bu məsələdə Azərbaycanın roluna da toxundu. O, “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir” deməklə Avropanın ölkəmizə marağını ifadə etdi. Hesab edirəm ki, təkcə bu çıxış Azərbaycana Avropada necə yüksək dəyər verildiyini açıq şəkildə nümayiş etdirir. Təbii ki, bu uğurların, bizə olan bu yüksək inamın və verilən dəyərin arxasında Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti dayanır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.