Huquqaz.com

Ölkəmiz dinamik şəkildə inkişaf edir

22.04.2023
2.384
Ölkəmiz dinamik şəkildə inkişaf edir

Ölkəmiz dinamik şəkildə inkişaf edir

İşğaldan azad olunmuş bütün ərazilərimizdə böyük qələbənin təntənəsi yaşanmaqdadır. Düşmən tapdağından xilas olunub rahat nəfəs alan torpaqlarımızda başlanan quruculuq işləri gündən-günə sürətlənir, yeni layihələrin icrasına başlanılır.

Azərbaycan dövləti bu əraziləri bərpa edir, ona ikinci həyat bəxş edir. Görünən odur ki, Qarabağa qayıdış proqramı ən qısa müddətdə icra olunacaq. Ermənipərəst dairələrin yeni reallıqları qəbul etməkdən başqa yolu yoxdur. Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra ölkə olaraq qarşımızda duran ən ali vəzifə azad olunan ərazilərin ən qısa zamanda bərpa və yenidən qurulması, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə misli görünməmiş işlər həyata keçirilir.

Bunun nəticəsidir ki, ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilib, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı olub, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilib.

Bu gün Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Cəbrayılda və başqa azad edilmiş ərazilərdə iri layihələr uğurla davam etdirilir. Yəni avtomobil yollarının, dəmir yolunun çəkilişi, yeni binaların, məktəblərin, xəstəxanaların inşası istiqamətində davamlı olaraq işlər görülür. Ağdamda və digər ərazilərdə binaların tikilməsi ilə yanaşı, məscidlərin bərpası ilə bağlı işlər aparılır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın iradəsi var. Azərbaycan bu ərazilərin ən qısa müddətdə bərpasında maraqlıdır. Bu gün Zəngilanda Ağalı kəndi öz gözəlliyi ilə bütün dünyanı cəlb edir. Şuşada tarixi abidələr bərpa olunur, Füzulidə məktəb tikilir. Bu işlər digər ərazilərimizdə  də ən yüksək səviyyə və formada həyata keçirilir. Azərbaycan bütün bu işləri heç bir maliyyə  dəstəyi olmadan öz hesabına həyata keçirir.

 

 Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi-Kəmalə Məmişova

Şərhlər

Şərh yazılmayıb.