Huquqaz.com

Əminə Ərdoğan Sərvər Bəşirli ilə görüşdü

19.04.2023
315
Əminə Ərdoğan Sərvər Bəşirli ilə görüşdü

Türkiyənin birinci xanımı Əminə Ərdoğan fevralın 6-da dəhşətli zəlzələnin baş verdiyi Qəhrəmanmaraş şəhərində könüllülər və zəlzələdən zərərçəkmiş şəxslər üçün iftar süfrəsi açıb.

HUQUQAZ.COM xəbər verir ki, tədbirdə özünün köhnə avtomobili ilə Türkiyəyə yardım daşıyan azərbaycanlı Sərvər Bəşirli də iştirak edib.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat S.Bəşirlinin gördüyü işlər barədə məlumat verib.

O həmçinin xatırladıb ki, Qarabağın 30 illik işğalı dövründə insanlar çadırlarda yaşamağa məcbur olublar:

“Əslən Laçın rayonundan olan Sərvər Bəşirli də çadırda yaşayıb. O, zəlzələdən dərhal sonra evdəki yorğanları özünün 1981-ci il istehsallı avtomobilinə yükləyib və yardıma tələsib. Evə qayıdanda artıq hər kəs ondan danışırdı”.

S.Bəşirli dəvətə görə təşəkkürünü bildirib. O, çıxışı zamanı bir daha faciənin baş verməməsini arzulayıb.

İftar süfrəsində ictimai şəxslər, jurnalistlər də iştirak ediblər.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni vilayətin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Təbii fəlakət Türkiyədə böyük dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənləri sayı 50 min 500-ə çatıb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Kampaniya çərçivəsində S.Bəşirli evdəki yorğanlarını köhnə avtomobili ilə yardım yığılan ünvana aparıb. Onun bu addımı Türkiyə və Azərbaycanda böyük rəğbətlə qarşılanıb.

Şərhlər

Şərh yazılmayıb.