Huquqaz.com

“Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”

13.04.2023
1.507
“Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”

“Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”

Ümummilli lider Heydər Əliyev ölkəmizin tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimidir. Dövlət quruculuğu sahəsində onun misilsiz xidmətləri olub. Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladı. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində dahi lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələrindən biri kimi qəbul edilir. Sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı və yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmışdı. Ümummilli lider Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu və bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı.

Prezident cənab İlham Əliyev tərəfindən də Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi. Həyata keçirilən fəaliyyətin nəticəsidir ki, Qafqazın ən müasir ordusu hesab olunan Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu və Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın, o cümlədən adı çəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Azərbaycan Ordusu bu gün Azərbaycan dövlətinin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, ordumuz regionun ən hazırlıqlı və ən müasir strukturu sayılır. Bütün bunlar Azərbaycan Ordusunun bugünkü ən müasir tələblərə cavab verdiyini göstərir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva

 

 

“Milli Ordumuzda xidmət etmək hər bir Azərbaycan gəncinin şərəfli vətəndaşlıq borcudur.”

Azərbaycan xalqının çoxəsrlik tarixində uğurları, nailiyyətləri çox olub. Ancaq ən böyük nailiyyətimiz dövlət müstəqilliyinin əldə olunmasıdır. Xalqın qanı bahasına başa gəlmiş bu uğur əbədi olaraq yaddaşlara həkk olundu. Çünki Azərbaycan dünya birliyinə müstəqil dövlət kimi daxil oldu. Lakin qarşıda çox mühüm bir vəzifə dururdu. Azərbaycan xalqı bu müstəqilliyi qoruyub saxlamalı, xalqın milli azadlığını əbədi, daimi etməli idi. Çox çətin, lakin şərəfli bir vəzifə idi. Bu çətin imtahandan alnıaçıq, üzüağ çıxmaq üçün xalqı öz arxasınca apara biləcək liderə böyük ehtiyac yaranmışdı. Belə bir şəxsiyyət yalnız ümummilli lider Heydər Əliyev idi. Ona görə də xalq böyük ümid və inamla ulu öndərə üz tutdu və onu təkidlə müstəqil Azərbaycana rəhbərliyə dəvət etdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Milli Ordunun gücləndirilməsini də qarşıya əsas vəzifə kimi qoymuşdu. Bu işdə də gənclərə arxalandığını xüsusi qeyd edən ulu öndər çıxışlarının birində fikrini belə bildirmişdi: “Milli Ordunun böyük bir hissəsini təşkil edən gənclərdir. Hərbi xidmətdə olan gənclərimizin, zabitlərimizin əksəriyyəti gənclərdir. Gənclər Azərbaycan dövlətinə, doğma torpağımıza sadiqdirlər. Ona görə də mən Milli Ordumuzun dövlətçiliyimizə, vətənimizə sadiq olmasına inanıram. Milli Ordumuzda xidmət etmək hər bir Azərbaycan gəncinin şərəfli vətəndaşlıq borcudur”.

Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun ordusu, silahlı qüvvələridir. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Bəli, güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Ona görə ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra məhz bu prinsipə söykənərək ilk növbədə güclü ordunun formalaşdırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verdi. Ordumuzun xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdən birini tutur.

44 gün davam edən Vətən müharibəsində güclü siyasi iradə göstərən Ali Baş Komandan cənab İlham Əliyevin başçılıq etdiyi Müzəffər Ordumuzun hər bir əsgəri düşmənə ağır zərbə vurdu. Müharibənin ilk günlərindən Qələbə əzmi ilə döyüşlərə başlayan hərbçilərimiz ən çətin istehkamları belə gücü, qüdrəti, Vətənə məhəbbəti ilə yararaq erməniləri səngərlərini qoyub qaçmağa məcbur etdilər. Hərbi gücü artan, ən müasir silah və sursatlarla təmin edilən Azərbaycan Ordusu Şuşa kimi alınmaz qalanı düşməndən azad edərək dünyanın hərb tarixinə yeni döyüş səhifələri yazdı.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi- Aliyə Rüstəmova

Şərhlər

Şərh yazılmayıb.