Huquqaz.com

Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır

19.03.2023
1.615
Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır

Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır

Son dövrlərdə dünyada baş verən mühüm dəyişikliklər, Rusiya və Ukrayna arasında bir ilddən çox davam edən məlum müharibə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına ciddi təsir göstərib. Xüsusilə Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra Avropa ölkələrinin enerji təminatı üçün alternativ enerji idxalı mənbələri sırasında Azərbaycan ilkin yerlərdən birini tutur. Ötən il iyulun 18-də Avropa Komissiyası Prezidentinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bu sahədə atılan mühüm addımlardan biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında imzalanan sənəd Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli və etibarlı tərəfdaş kimi seçilməsinin göstəricisi sayılır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Keçirilən görüşlərin, aparılan müzakirələrin ən maraqlı tərəflərindən biri də budur ki, mühüm karbohidrogen ehtiyatlarına malik Azərbaycan, eyni zamanda böyük yaşıl enerji ehtiyatlarını özündə cəmləşdirib. Bu cür enerji potensialından istifadəni prioritet istiqamətə yönəldən Azərbaycan Prezidenti çox qısa müddətdə təşəbbüskarı olduğu Yaşıl Enerji Məşvərət Şurasını da etibarlı tərəfdaşlığın əsas müzakirə predmetinə çevirib. Bu sahədə ilk addım kimi ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən Azərbaycanın istehsal etdiyi elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkilərək Avropaya çatdırılacaq. Bu isə o deməkdir ki, Azərbaycan qoca qitənin enerji təhlükəsizliyinin daha dolğun şəkildə təmin edilməsində yaxından iştirak edəcək.. Xüsusilə işğaldan azad olunmuş ərazilərin ölkə başçısı tərəfindən yaşıl enerji zonası elan edilməsi partnyor şirkətlərin bu işə marağını artırıb.Digər tərəfdən ölkəmizin bərpa olunan enerji potensialında Xəzər dənizinin də mühüm rolu var. Mütəxəssislərə görə, Xəzər Şimal dənizindən sonra külək enerjisi potensialına görə ikinci yerdədir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi 157 qiqavat təşkil edir. Bunu da qeyd edək ki, külək potensialına malik olan ərazilərimiz içərisində Kəlbəcər və Laçın rayonları da böyük əhəmiyyət daşıyır. Cəbrayıl və Naxçıvan Muxtar Respublikası isə ölkəmizdə günəşli günlərin daha çox olduğu ərazilər kimi tanınır ki, bu da perspektivdə hər iki bölgədə günəş elektrik stansiyalarının qurulmasını qaçılmaz edir. Beləliklə, Şərqlə Qərb arasında logistik enerji əlaqələrini möhkəmləndirən Azərbaycan yaxın illərdə yaşıl enerji dəhlizinə çevrilməklə, ümumilikdə, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu artıracaq. Bu isə ölkəmizin nüfuzunun, eləcə də beynəlxalq əlaqələrdəki rolunun əhəmiyyətini daha da gücləndirəcək.

Zərdab Rayon Gənclər və idman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

Şərhlər

Şərh yazılmayıb.