Huquqaz.com

YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır

02.03.2023
1.759
YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır

YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır

Yeni Azərbaycan Partiyasının VII qurultayını əlamətdar edən mühüm faktorlardan biri əlbəttə ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Əlbəttə ki, bu reallıqlar region və ölkəmiz üçün olduğu kimi, Yeni Azərbaycan Partiyası üçün də yeni çağırışlar yaratdı. Məhz bu baxımdan YAP-ın VII qurultayı ilk növbədə müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsinin təsdiq olunması, eləcə də yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyasının partiyanın orqanları qismində müəyyən edilməsi, Partiya Sədrinin birinci müavini vəzifəsinin təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğunun təsbit edilməsi ilə partiyanın fəaliyyətində və idarə olunmasında mütərəqqi yeniliklərin tətbiqinə zəmin yaratmış oldu. Həmin tarixi gündən sonra gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar Partiyamızın fəaliyyətinin effektivliyinin artmasına və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə ciddi zəmin yaratmışdır.

Həmçinin ötən dövr ərzində partiyamız beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək bu sahədə də ölkənin xarici siyasətinin həyata keçirilməsinə mühüm töhflər vermişdir. O cümlədən Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu ilə iki qardaş ölkənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. YAP-ın həmçinin, Çin, Rusiya, Ukrayna, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Partiyamız Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir və eyni zamanda da 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bunu da deməliyəm ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin dialoq siyasəti də YAP-ın fəaliyyətində öz inkişafını tapır.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini

Şərhlər

Şərh yazılmayıb.