Huquqaz.com

Demək olar ki, 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub

21.02.2023
2.233
Demək olar ki, 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub

Demək olar ki, 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub.

 Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.

Ermənistanın ardıcıl təxribatları və yeni müharibə planlarına son qoyulması üçün dünya birliyi tərəfindən heç bir praktiki addım atılmadı. Bundan daha da ürəklənən Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi.

Cənab Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasdakı çıxışında ölkəmizin qüdrətini, mübarizəmizin haqq və ədalət naminə olmağını, xalqımızın qürurunu bir daha ifadə etdi. Cənab Prezident çıxışında qeyd etdi ki, “Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur”

Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.