Huquqaz.com

Bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib

19.01.2023
3.502
Bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib

Bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib

Müstəqil Azərbaycanın özünün enerji müstəqilliyini ənənəvi mənbələrdən alınan elektrik enerjisi hesabına təmin etməsi böyük nailiyyətdir. Hazırda isə qarşıya qoyulan hədəf respublikanın enerji müstəqilliyini daha da möhkəmlətməklə yanaşı, ixrac imkanlarını da genişləndirməkdir. Yeni mərhələdə enerji istehsalı mənbələrinin şaxələndirilməsi, bərpaolunan mənbələrdən daha çox enerji alınması Azərbaycanın gündəliyinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib.  Ənənəvi enerji mənbələri ilə zəngin olan Azərbaycanda sudan, küləkdən, günəşdən, biokütlədən elektrik enerjisi istehsalı yeni bir istiqamətdir. Bu sahədə əsasən son 20 ildə aktiv fəaliyyətə başlanılıb. Azərbaycan müasir dövlət kimi inkişaf edir. Ənənəvi enerjidən “yaşıl enerji”yə keçid də dünyanın müasir mənzərəsini səciyyələndirir. Azərbaycan bu sahədə də öz yerini dünyanın qabaqcıl ölkələri sırasında görür. Qısa müddətdə ölkəmizdə bərpaolunan mənbələrdən enerji istehsalı üzrə çoxsaylı stansiyalar istifadəyə verilib. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın gündəliyinin yeni prioritet istiqaməti müəyyənləşdirilərkən ilk növbədə bu sahədə ölkəmizin zəngin potensialı əsas götürülüb. Respublikamızda həm quruda, həm də dənizdə belə potensial kifayət qədər böyükdür.

Son illərdə, xüsusilə də postmüharibə mərhələsində ölkəmizdə bərpaolunan mənbələrdən enerji istehsalı intensivləşib. Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edib.  Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanılıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir.  Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 və yaxud 40 %-ə çatdırılmasıdır.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

Şərhlər

Şərh yazılmayıb.