Huquqaz.com

Proqrama malik olmaq tələbi qeydiyyatda olan partiyalara da şamil olunmuşdur

17.01.2023
1.709
Proqrama malik olmaq tələbi qeydiyyatda olan partiyalara da şamil olunmuşdur

Proqrama malik olmaq tələbi qeydiyyatda olan partiyalara da şamil olunmuşdur

Siyasi partiyalar müstəqilliyə təzəcə qədəm qoymuş dövlətlərin formalaşmasında, inkişafında mühüm rol oynayan qurumlardır. Güclü strukturları, mərkəzi aparatı, kadr bazası, maliyyə imkanları olmayan siyasi partiyaların öhdələrinə düşən vəzifələrin icrasını təmin etməsi mümkünsüzdür. Məhz bu səbəbdən Azərbaycan Prezidenti cənab İlham Əliyev son illər respublikada fəaliyyət göstərən siyasi təşkilatların güclənməsinə xidmət edən ardıcıl addımlar atır. Prezident Administrasiyasında siyasi partiyalarla iş şöbəsinin yaradılması, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi, onların böyük əksəriyyətinin qərargahlarla təmin olunması, Milli Məclisin və onun komitələrinin  rəhbərliyində müxalif siyasi partiya nümayəndələrinin təmsilçiliyi bu istiqamətdə atılan mühüm addımlardan sayılmalıdır. Bu baxımdan, qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaq və yaxın zamanlarda bir neçə güclü partiyanın ortaya çıxmasına imkan verəcəkdir.

Qanunun qəbulundan sonra kiçik partiyaların siyasi arenada qalması xeyli çətin olacaqdır. “Kiçik olsun, mənim olsun” düşüncəsi ilə partiya yaradan və rəhbərlik etdiyi partiyadan yalnız özünün reklamı üçün istifadə etməyə çalışan siyasilər yanaşmalarını dəyişmək məcburiyyətində qalacaqlar. Onlar da, nəhayət, anlamaq məcburiyyətindədirlər ki, güclü kadr bazası, yerli strukturları olmayan partiyalar dövlətə və xalqa tələb olunan qədər xeyir verə bilməzlər. Bu səbəbdən hər bir siyasi partiyanın müxtəlif sahələr üzrə proqramları və təbii ki, bu proqramları hazırlayan və onların icrasını təmin edən kadr bazası olmalıdır. Yeni qanun, hər şeydən əvvəl, ölkənin milli təhlükəsizliyinə siyasi partiyalar vasitəsiylə müdaxilə imkanlarının qarşısını kəsməklə, onların fəaliyyətinin şəffaflaşdırılmasına, eyni sosial bazanı və ideyanı bölüşən sağlam təşkilatların təmərküzləşməsinə, məsuliyyət, güc və nüfuzlarının artmasına, çevik siyasi institutlar kimi ölkənin siyasi həyatında aktiv və effektiv iştiraklarına gətirib çıxaracaq.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini

Şərhlər

Şərh yazılmayıb.