ManşetMANŞETÜSTÜ

10 iyul hadisələri bütün qaranlıq məqamlara aydınlıq gətirdi

10 iyul hadisələri bütün qaranlıq məqamlara aydınlıq gətirdi

Gəncədə 10 iyul hadisələri bir daha onu göstərdi ki, bu, insanların etirazi deyil, dövlətimizə, dövlətçiliyimizə qarşı uzun müddətdir planlaşdırılmış bir terror aktıdır. Hadisələrin cərəyanını açıq-aşkar izlədikcə və analiz etdikcə, görünür ki, zamanla Gəncə şəhərinə gəlib yerləşmiş bir qrup radikal şəxslər fərdi qaydada insanlar arasında təxribat aparmış, planlar qurmuş, aldıqları tapşırıqları icra etmək üçün müvafiq zaman gözləmişdirlər. Hadisələri ətraflı şəkildə nəzərdən keçirdikdə, belə qənaətə gəlmək olur ki, hətta Gəncədə yerləşmiş təxribatçı qrup provakasiya ilə məşğul olaraq insanları dövlət məmurundan və beləcə dövlətdən narazı salmağa çalışmışlar.

Regionda Gəncə şəhərinin ən inkişaf etmiş bir yer olduğunu və burada dini inancların və əqidələrin möhkəm sütünlar üzərində qurulduğunu nəzərə alsaq, teror qruplaşmasının, məhz niyə Gəncə şəhərini seçməsi sualına tam aydınlıq gətirmiş olarıq. Heç şübhəsiz ki, əhali sıxlığı, məkan və mövcud dəyərlər qruplaşma üçün öz əməllərini həyata keçirməkdə əsaslı rol oynayıb. Bəzən din pərdəsi altında gizlənən şəxlər bu istiqamətdə konkret bir nöqtəyə nail ola bilmədikdə, əlavə hədəf olaraq, məhz Gəncə şəhər icra hakimiyyətinin başçısını seçiblər. Bu işlərin davamını onun üzərində quraraq, insanları şəhər rəhbərliyindən narazı salmağa, fərdi qaydada narazı insan kütlələri formalaşdırmağa çalışıblar. Məqsədlərinə nail ola bilmədiklərini görəndə isə, sonuncu varianta əl ataraq, şəhər rəhbərinə silahlı hücum edib onu qətlə yetirməklə iğtişaşa başalamaq niyyətində olublar. Beləcə, xüsusi yetişdirilmiş qatildən istifadə ediblər.

Hadisələrdən göründüyü kimi, onların bu əməlləri də baş tutmadığına görə, artıq aldıqları tapşırığı yerinə yetirmək üçün sosial şəbəkələr vasitəsi ilə açıq çağırışlar edərək etiraz aksiyası adı altında məlum terror aktını həyata keçirdilər. Bununla da, baş verən və cərəyan edən hadisələrin, əslində, nədən ibarət olduğu, hansı istiqamətdə qurulduğu öz təsdiqini tapdı. Və məlum oldu ki, cərəyan edən bu hadisələr heç də nə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı yönəlib, nə də icra başçısı fakotoru burada əsas rol oynamır. Əsas hədəf Azərbaycan dövlətinə və mövcud hakimiyətə zərbə vurmaqdır. Günahsız yerə iki polis zabitinin amansızlıqla qətlə yetirilməsi isə, onu göstərir ki, burada heç bir məmura qarşı etiraz aksiyasından söhbət gedə bilməz. Bu, birbaşa planlaşdırılmış terror aktıdır. Cinayətkarların kimliyinə baxanda isə, onu görürük ki, bu şəxslər qatı cinayətkarlardır və din pərdəsi altında maskalanmış, sadəcə, tapşırıq əsasında hərəkət edən qüvvələrdir. Bu, belə də olmasaydı, onlar Gəncə şəhərinin tanınmış axundu Hacı Tahir Abbasovun qardaşı dindar ailəsinin övladı olan polis zabiti Səməd Abbasovu qətlə yetirməzdilər. Və hadisənin son detalı: qeyri-peşəkar şəkildə kamera ilə çəkiliş aparan xanımı izləyin, qısa bir müddət sonra yaranmış iğtişaş sakitləşsə də bu insan süni şəkildə həyəcanlı ifadələr işlədərək və onu heç kəsin təqib etməsinə baxmayaraq, qaçması və insanlara təlaşlı mesajlar verməsi isə, onu göstərir ki, bu insanlara verilən sadə bir xəbər deyil, bu internet üzərindən müəyyən dairələrə verilən mesajdır.

Bütün bunları xırdalığı ilə ona görə göstərməyə çalışıram ki, bizim xalqımız qüdrətli, qədim köklərə, adət-ənənələrə malik bir xalqdır. Hər kəsdən xahiş edirəm ki, heç bir bədxah qara qüvvələrə imkan verməyin ki, bizə məxsus olan həssas dəyərlərimizdən istifadə edib, dövlətimizə xalqımıza qarşı öz çirkin əməllərini həyata keçirə bilsinlər. Nə yaxşı ki, qüdrətli Azərbaycan dövləti və onun müdrik Prezidenti Cənab İlham Əliyev var. Biz hər zaman ölkə rəhbərinin ətrafında sıx birləşməliyik və imkan verməməliyik ki, aramıza yad ünsürlərin məkirli niyyətləri sızsın. Xalqımızı, dövlətimizi və Prezidentimizi Allah qorusun.

Əli Quliyev, gənc politoloq,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin tələbəsi.

Fakttv.com

Comment here