Cəmiyyət

Əlində özəlləşdirmə çeki qalan vətəndaşlara kompensasiya verilə bilər? – Deputatdan açıqlama

“Özəlləşdirmə çekləri yenidən tədavülə buraxılsa və vətəndaşlar öz çeklərindən istifadə edə bilərsə, bu hal sosial-iqtisadi vəziyyətə olduqca müsbət təsir edə bilər”.

Son  günlər 1996-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan fərmana əsasən,  1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilən özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması məsələsi aktuallaşıb. Müstəqil ekspertlər və Milli Məclisin bir sıra deputatları hesab edirlər ki, qeyri-qanunu şəkildə istifadəsi dayandırılan özəlləşdirmə çeklərinin yenidən bərpası əlində çeki qalmış insanların hüquqlarını bərpa edəcək və bu fonda vətəndaşlara kompensasiyanın ödənməsinə ehtiyac var.

Mövzu ilə bağlı deputat Azər Badamov Moderator.az-a açıqlamasında bildirib ki, əlində  özəlləşdirmə çekləri qalan vətəndaşlara dəstək olunması həmin şəxslərin dövlət əmlak payından istifadəsinə əlverişli şərait yaradacaq:

“Özəlləşdirmə çekləri tədavülə buraxılanda əksər vətəndaşlar öz paylarından istifadə etdilər. Lakin bəzi vətəndaşlar bu çekləri istifadə etməyərək saxladı və dövlət əmlakının özəlləşməsində iştirak etmədilər. Fikrimcə, həmin vətəndaşlar üçün dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunmalıdır. Nəticədə əlində çeki qalmış vətəndaşlar öz haqqlarından istifadə edə biləcək. Əgər özəlləşdirmə çekləri yenidən tədavülə buraxılsa və vətəndaşlar öz çeklərindən istifadə edə bilərsə, bu hal sosial-iqtisadi vəziyyətə olduqca müsbət təsir edə bilər. Vətəndaşın dövlət əmlakından pay almaq imkanlarından istifadə edə bilməsi üçün dövlət tərəfindən qərarın qəbul olunması və çeklərin etibarlılıq müddətinin artırılması müsbət hal olacaq”.

Comment here